Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Güclənməliyik

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, yaxşı nəticə üçün çox işləməlidirlər.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Melburndakı yarışı beşinci yerdə başa vurub və qalibdən təxminən bir dəqiqə geri qalıb. Son Dünya Çempionu Çin Qran Prisindən əvvəl bildirib ki, komanda bütün sahələrdə irəliləyiş əldə etməlidir.

Lando Norris: “Mövsümün ilk mərhələsindən sonra kifayət qədər nəticə çıxarmaq olar. Həmin həftəsonu çox şey öyrəndik və yaxşı məqamlar da oldu, o qədər də yaxşı olmayanlar da. Amma biz bütün sahələrdə inkişaf etməliyik. Ümumilikdə həm yarışlara gedən komanda üzvləri, həm də Vokinqdə bazada işləyənlər üçün gərgin bir həftə idi.

Biz maksimum irəliləyiş əldə etməyə, mümkün qədər çox məlumat toplamağa çalışırıq, o cümlədən rəqibləri də diqqətlə izləyirik. Ümid edirəm ki, burada – Şanxayda ümumilikdə tapşırıqlarımızın öhdəsindən daha yaxşı gələ biləcəyik.

Güc qurğusunun xüsusiyyətlərini daha yaxşı başa düşməliyik. Bu sahədə hələ istədiyimiz səviyyədə işləməmişik və biliklərimiz də lazım olan səviyyədə deyil. Komanda bunun üzərində çox çalışır. Şassi də hələ ideal deyil, lakin əlbəttə ki, onu pis adlandırmaq olmaz.

Biz o qədər də çox geri qalmırıq. Vəziyyət Melburnda göründüyü qədər pis deyil. Sadəcə maşını təkmilləşdirməyə davam etməliyik. Hansı sahələrdə güclü, hansılarda zəif olduğumuzu bilirik. Məsələn, Melburnda keçən həftəsonu təkərlərlə bağlı problemlərimiz var idi.

Burada, Şanxayda da dənlənmə problemi yenidən yarana bilər.

Düzünü desəm, demək olar ki, bütün sahələrdə müəyyən irəliləyiş əldə etməliyik. Komanda bu həftəsonu daha yaxşı nəticə göstərmək üçün çox işləyir. Ancaq hamı üçün çətin olacaq, çünki əsas sessiyalara hazırlaşmaq üçün cəmi bir məşq sessiyası var və dərhal sonra sprint üçün kvalifikasiya keçiriləcək.

Əgər maşında aerodinamik qüvvəni artırmaq mümkün olsa, bu bizə çox kömək edər. Bu halda ilişmə də yaxşılaşacaq və işimiz xeyli asanlaşacaq. Amma hazırda səhv etmək ehtimalı hələ də yüksəkdir. Bəzən elə gəlir ki, döngəni yaxşı keçmisən, lakin yenə də sürətimiz, məsələn, Ferrari ilə müqayisədə kifayət etmir”.

Rauf Hacıyev

Şərh əlavə et