Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Qəzanı unutdum

Oskar Piastri Melburndakı ev yarışının startına çıxmamışdan əvvəl qəza edib və bolidi zədələyib.

Bu hadisə təbii ki, avstraliyalı azarkeşləri məyus edib. Lakin McLaren komandasının sürücüsü bildirib ki, yarışı kənardan izləmək də müəyyən mənada faydalı olub.

Oskar Piastri: “Bu insidenti mümkün qədər tez unutmağa çalışdım və müəyyən qədər buna nail oldum. Növbəti yarışın artıq bu həftəsonu keçirilməsi yaxşıdır və diqqətimi yönəltməli olduğum çox şey var. Komandanın Melburnda topladığı məlumatları analiz etməliyik. Yarışı kənardan izləmək də mənim üçün maraqlı və faydalı oldu.

Çində şanslarımızın Avstraliyadakı ilə müqayisədə ciddi şəkildə fərqlənəcəyini düşünmürəm. Biz əksər sahələr müəyyənləşdirmişik və o sahələr üzrə daha yaxşı işləyə bilərdik və inkişaf etməliyik. Buna baxmayaraq, ümid edirəm ki, fərqi bir qədər azalda biləcəyik.

Kvalifikasiyadan sonra anladıq ki, optimal yanaşmanı tapa bilməmişik. Halbuki məşqlərdə vəziyyət daha ümidverici görünürdü. Düşünürəm ki, bəzən həddindən artıq optimist olduq. Cümə ilə şənbə arasında birdən-birə xeyli sürət itirdiyimizi görəndə bu, bizi xoşagəlməz şəkildə təəccübləndirmişdi.

Ancaq indi bunun səbəbini başa düşürük. Mercedes-ə çatmaq çətin görünür, lakin artıq aydındır ki, bir çox məsələdə daha yaxşı işləyə bilərik. Yarışın ilk on dövrəsi ümumiyyətlə çox xaotik keçdi və trasdakı mübarizə əvvəlki illərdən xeyli fərqli görünürdü. Hər şey sabitləşəndən sonra yarış daha çox öyrəşdiyimiz ssenariyə bənzəməyə başladı.

Mercedes-dən geri qalmağımız bir qədər pessimist təsir bağışlaya bilər, amma heç bir illüziyamız yoxdur, bu komanda çox güclüdür. Biz isə sürət ehtiyatlarını tapmağa çalışmalıyıq. Ümid edirəm ki, Çində liderlərə xeyli yaxınlaşa biləcəyik, lakin yarış tempində onları məğlub edə biləcəyimizi düşünmürəm”.

Rauf Hacıyev

Şərh əlavə et