Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell Ferrari-yə eyham vurub

Corc Rassell mövsümə Avstraliya Qran Prisində qələbə ilə başlasa da, Şanxayda keçən həftəsonunu xatırlayarkən bildirib ki, Ferrari başqa strategiya seçsəydi, Mercedes bəlkə də qələbə dubluna nail ola bilməzdi.

Kokpit.az xatırladır ki, Mercedes komandası mövsümün ilk mərhələsi olan Avstraliya Qran Prisində qələbə dublu edib.

Corc Rassell: Başlanğıc əla oldu və ən vacibi odur ki, maşın gözlədiyimiz kimi işləyir. Heç bir xoşagəlməz sürpriz yaşanmadı. Əlbəttə, mən mövsüm boyu ən sürətli olmaq istəyirəm, həm bu il, həm də növbəti illərdə.

Amma bunun üçün əsasları indidən düzgün qurmaq lazımdır və biz bunu bacarırıq. Bu isə məni Avstraliyadakı poul və qələbədən də çox sevindirir”.

Melburnda Rassell poul qazansa da, ilk döngələrdə lider Şarl Lekler olub. Ferrari sürücüsü yarışa 4-cü yerdən başlasa da, startda irəli çıxmağı bacarıb. Rassell hesab edir ki, 2026-cı il üçün hazırlanmış idman reqlamentində FIA müəyyən səhvə yol verib.

Corc Rassell: “Problem qızdırma dövrəsində yığıla bilən enerji limitinin məhdudlaşdırılması ilə bağlıdır və bu çox qəribə qaydadır.

Bu limit hər dövrəyə aiddir. Ön sıralardan start alan sürücülər artıq qızdırma dövrəsində batareyanın bir hissəsini istifadə etmiş olurlar. Mən poul mövqeyindən start aldım və ilk dövrədə enerjinin 50 faizini sərf etdim. Yarım dövrə keçəndən sonra isə artıq batareyanı doldurmağa davam edə bilmirdim.

Arxadan start alanlar isə start-finiş xəttini keçərək faktiki olaraq növbəti dövrəyə başlayırlar və bu baxımdan üstünlük qazanırlar.

FIA bu qaydanı dəyişmək istəyir, lakin bəzi komandalar buna qarşıdırlar, çünki startlarda üstünlük qazanırlar. Məncə, bu bir az gülüncdür. Ancaq belə şeylər də Formula 1-in bir hissəsidir”.

Rassell bu sözlərlə açıq şəkildə Ferrariyə eyham vurub.

O həmçinin qeyd edib ki, Melburndan Şanxaya uçuş zamanı Lyuis Həmiltonla eyni təyyarədə olub. Keçmiş komanda yoldaşının əhvalı barədə soruşulanda belə cavab verib: “Lyuis yaxşı əhvalda idi. Düzünü desəm, məncə o, Avstraliyada podiuma layiq idi və hətta bir az onun üçün narahat idim. O çox yaxşı sürət göstərdi.

Əgər Virtual Safety Car (VSC) zamanı Ferrari onu və ya komanda yoldaşını pitə çağırsaydı, yarış daha maraqlı ola bilərdi. O bizim tempdə gedirdi və belə olsaydı, hadisələr tamam başqa cür inkişaf edə bilərdi”.

Yeni mövsümlə bağlı proqnoz verməkdən isə Rassell çəkinib və 2024-cü ilin sonunu nümunə gətirib: “2024-cü ilin sonunda Las-Veqasda iki ilk yeri tutmuşduq və komandada artıq növbəti mövsümdə çempion olacağımızı düşünənlər var idi. Amma bildiyiniz kimi, bu baş vermədi.

Hazırda düşünürəm ki,  ən sürətli maşın bizdədir, mühərriyimiz də çox yaxşıdır. Amma yenə də işləməyə davam etməliyik, çünki bütün komandalar maşınlarını inkişaf etdirirlər.

Məsələn, eşitmişəm ki, McLaren bolidi bir az ağırdır və onlar onu yüngülləşdirəcəklər.

Melburnda sıralanma turunda Red Bull komandasının sürücüsü üçüncü olmuşdu, amma Maks Ferstappen poul uğrunda mübarizədə deyildi. Yarışda isə Şarl Leklerlə çox gərgin duelimiz oldu və VSC-dən əvvəl o məni qabaqlayırdı.

Əgər o vaxt pitə girsəydi, düşünmürəm ki, mən və Kimi Antonelli yarışda ilk iki yeri tuta bilərdik. Bəlkə də yenə qələbə qazanardım, amma bu, çox gərgin mübarizədən sonra baş verərdi”.

Rauf Hacıyev

Şərh əlavə et