Xəbəri Kokpitdə Oxuyun!

O.Berman: Güclülərlə mübarizə mümkündür

Haas F1 komandası Çin mərhələsinə hazırlaşır və Melburnda əldə olunan uğuru davam etdirməyə ümid edir.

Kokpit.az xatırladır ki, Oliver Berman Avstraliya Qran Prisində yeddinci yeri tutaraq komandasına xallar qazandırıb. Lakin komandada anlayırlar ki, həftəsonu proqramında sprint yarışının olması işi hamı üçün daha da çətinləşdirəcək.

Ayо Komatsu (komanda rəhbəri): “Çin Qran Prisini səbirsizliklə gözləyirik. Əlbəttə, həftəsonu proqramında sprint olduğu üçün bizi daha çox çətinliklər gözləyir, xüsusən də Avstraliyada əldə etdiyimiz təcrübəni nəzərə alsaq.

Şanxayda maşını düzgün sazlamaq asan olmayacaq. Melburnda sıralama turuna hazırlaşmaq üçün üç məşq sessiyamız var idi, ancaq Çində yalnız bir sessiya olacaq.

Təbii ki, bütün səylərimizi bu problemi həll etməyə yönəldəcəyik. Maşınlar tam yenidir, lakin hər dəfə trasa çıxanda çox vacib məlumatlar toplayırıq. Qarşıdakı həftəsonu çətin olacaq və biz artıq işə başlamaq üçün səbirsizlənirik”.

Oliver Berman: “Yenidən trasa qayıtdığımız üçün şadam, mövsümün ilk yarışında yaxşı nəticə göstərdik. Şanxay trası çox dəqiq pilotaj tələb edir, orada yüksək yüklənmələrlə işləmək lazımdır və bu mövsümün ilk sprinti də məhz orada keçiriləcək.

Əgər əvvəlki həftəsonunu çətin hesab edirdiksə, bu dəfə çətinliklər daha da çox olacaq. Ancaq komanda birlikdə işləməyə davam etsə, orta qrupun ən güclü komandaları ilə mübarizə aparmağa layiq olduğumuzu yenidən göstərə bilərik. Buna şübhəm yoxdur”.

Rauf Hacıyev

Şərh əlavə et