Xəbəri Kokpitdə Oxuyun!

Pirelli Çin barədə şərh verib

Şanxayda mövsümün altı sprint mərhələsindən birincisi keçiriləcək. Şənbə günü sürücüləri 19 dövrədən ibarət qısa yarış gözləyir. Çin Qran Prisi üçün təkər seçimi isə trasın iki il əvvəl təqvimə qayıdışından bəri dəyişməz qalıb: komandalar C2, C3 və C4 tərkiblərindən istifadə edəcəklər.

Şanxay avtodromunun konfiqurasiyası Çin heroqlifi “şan”ı xatırladır və bu söz “yuxarı” kimi tərcümə olunur. Trasda iki uzun düzlük və 16 döngə var. Birinci uzun düzlük kiçik bankinqi olan 13-cü döngəni 14-cü döngə ilə birləşdirir, ikinci – bir kilometrdən artıq uzunluğa malik düzlüydə isə start-finiş xətti yerləşir.

Trasın bəzi döngələri çox sürətlidir, məsələn, 7 və 8-ci döngələrdən ibarət S-formalı hissə. Digərləri isə xeyli yavaşdır: 1–3-cü döngələr, 6-cı və 14-cü döngə. Bu döngələrin yüksək sürətli hissələrlə birləşməsi təkərlərə ciddi yük yaradır və yeni güc qurğularında enerjinin rekuperasiyası baxımından da çətinliklər yaradır.

Maraqlıdır ki, sürücülər döngələrə girişdə tez-tez bloklanmanın qarşısını ala biləcəklərmi. Mövsümöncəsi Bəhreyn testlərində belə hallar çox olmuşdu, çünki oradakı bəzi güclü əyləc zonaları Çin trasındakı zonalara bənzəyir.

Şanxay trası 2024-cü ilin avqustunda tam yenidən asfaltlanıb. Yeni asfalt ilişməni əhəmiyyətli dərəcədə artırıb və dövrə vaxtlarını qısaldıb. Lakin daha hamar örtük 2025-ci ildə təkərlərin dənlənməsinə, xüsusilə ön təkərlərdə dənələnməyə səbəb olmuşdu və bu, keçən mövsümün əsas məhdudlaşdırıcı amillərindən biri idi, xüsusən də sprint yarışında. Bazar günü isə trasın vəziyyəti dəyişdiyinə görə bu problem bir qədər zəifləmişdi.

Bir il sonra asfalt artıq bir qədər köhnəlib. O hələ də əksər traslarla müqayisədə daha hamardır, lakin ilişmə səviyyəsi bir qədər aşağı ola bilər və nəticədə dənlənmə ehtimalı da azala bilər. Bu fərziyyə həftəsonunun ilk sessiyalarında yoxlanacaq.

Komandaların dövrə vaxtı üzrə simulyasiya nəticələri ötənilki göstəricilərə yaxın çıxıb. Maşınlar tamamilə fərqli olsa da, yeni nəsil bolidlərin əvvəlkilərlə müqayisədə sürət itkisi SM (düzlük rejimi) zonaları hesabına qismən kompensasiya olunur.

Mövsümün ikinci Qran Prisində podiuma çıxan sürücülər xüsusi kepkalar taxacaqlar. Bu kepkalar Pirelli Design və dizayner Denis Dekoviçin əməkdaşlığı ilə hazırlanıb. Onlar imperator sarısı rəngdədir. Çin tarixində bu rəng hakimiyyət, nüfuz və qələbənin simvolu sayılır.

Rauf Hacıyev

Şərh əlavə et