Pirellinin yarış proqramının rəhbəri Dario Marrafuski yarışdan sonra vəziyyəti belə şərh edib: “Dünən də proqnozlaşdırdığımız kimi, yeni mövsümün ilk Qran Prisində qalib üçün bir pit-stop kifayət etdi. Mercedes sürücüləri eyni strategiyadan istifadə edərək start aldıqları mövqelərdə də finiş gördülər.
Təkərlərin aşınması gözləniləndən az olduğu üçün Hard təkərlərlə son stint şənbə günü verilən proqnozlarla müqayisədə daha uzun oldu və sürücülər yarışı həmin təkərlərlə başa vura bildilər.
İki pit-stop strategiyasını seçən sürücülər isə bunu əsasən virtual təhlükəsizlik maşını rejimi zamanı etdilər ki, təkər dəyişərkən çox mövqe itirməsinlər. Bəzi hallarda son hissə üçün Soft təkərlərdən də istifadə olundu.
Yarış zamanı üç təkər tərkibinin hamısı yaxşı işləyib. C3 tərkibli təkərlər bəzi hallarda 46 dövrəyə qədər davam gətirib. Ən çox dənlənməyə sol ön təkər məruz qalıb, lakin bu, həddindən artıq aşınmaya və ya performansın ciddi pisləşməsinə səbəb olmayıb.
Hazırda biz yeni texniki dövrün başlanğıcındayıq və Melburn trası təkərlərə çox tələbkar deyil. Maşınlar inkişaf etdikcə və daha çətin traslara keçdikcə, təkərlərlə işləmə strategiyalarında dəyişikliklərin qaçılmaz olacağını gözləyirik. Təkərlər bu mövsüm komandaların nəzərə almalı olduğu çoxsaylı yeniliklərdən sadəcə biridir”.




Şərh əlavə et