Xəbəri Kokpitdə Oxuyun!

Avstraliya F2 – Tsolovdan ilk qələbə

Formula 2-də Avstraliya həftəsonunun əsas bazar günü yarışı hələ startdan əvvəl insidentlə başlayıb. Sebastyan Montoya bokslardan pit yoluna çıxarkən Roman Bilinskinin bolidinə çırpılıb.

Polşalı sürücü DAMS komandasında debüt edirdi. Montoyaya birbaşa irad bildirilməyib, amma Prema komandası sürücünü təhlükəli şəkildə trasa buraxdığına görə cərimə ala bilər.

Start ümumilikdə sakit keçib, baxmayaraq ki, bir neçə kontakt olub. Poul mövqeyindən başlayan Dino Beqanoviç zəif start alıb və rəqiblər bundan dərhal istifadə ediblər. Liderliyə Martin Stenshorn çıxıb.

İlk dövrələrdə norveçli sürücünü Aleks Dann yaxından təqib edib və üçüncü dövrədə hücuma keçib. O, Stenshornu qabaqlayıb, lakin növbəti düzlüklə Martin mövqeyini qaytarmağa çalışıb. Aleks trayektoriyanı vermək istəməyib və yüksək sürətdə bolidlər toxunub. Nəticədə hər iki sürücü yarışı dayandırıb. Qeyd etmək lazımdır ki, Stenshorn və Dann Rodin Motorsport komandasında komanda yoldaşıdırlar. Qəzadan sonra Aleks radio ilə bildirib ki, artıq heç vaxt “bu adama” onu keçməyə imkan verməyəcək.

Qəzadan sonra trasda təhlükəsizlik avtomobili peyda olub və marşallar qəzaya düşən bolidləri götürüblər. Üç dövrədən sonra restart verilib.

İki liderin yarışdan çıxmasından sonra pelotona Nikola Tsolov başçılıq edib. Campos Racing komandasının sürücüsü və Red Bull gənclər proqramının üzvü olan bolqar pilotun arxasında bir saniyədən az fərqlə Rafael Kamara gedib, onun arxasında isə Beqanoviç təzyiq göstərib.

8-ci dövrədə ilk pit-stoplar başlayıb. Boksa ilk gedən sürücülərdən biri Beqanoviç olub. Sebastyan Montoya və daha bir neçə sürücü də təkər dəyişməyə girib. Onların arasında Formula 2-də ilk yarışını keçirən Kolton Herta da olub. O, Dallara bolidi ilə çıxış edir və maşının rəngi Cadillac F1 bolidlərini xatırladır.

9-cu dövrədə Nikola Tsolov da pit-stop edib və trasa üçüncü yerdə qayıdıb. Bu mərhələdə yarışa hələ boksa getməyən sürücülər – argentinalı debütant Nikolas Varrone və amerikalı Kian Şilds başçılıq edib.

Yarışın ortasına yaxın stüardlar dünənki sprint yarışının qalibi Coşua Dyurksenin mümkün falstartını araşdırmağa başlayıblar.  Invicta komandasının sürücüsü 5 saniyə cərimə alıb. O, onsuz da ilk onluqdan kənarda getdiyi üçün bu cəza onun nəticəsinə ciddi təsir etməyib.

15-ci dövrədə Dino Beqanoviç gözəl manevrlə Rafael Kamaranı keçib və 4-cü yerə qalxıb. Lakin Tsolov onu təxminən iki saniyə fərqlə qabaqlayıb.

16-cı dövrədə Ritomo Miyata Kolton Hertanı keçib və amerikalını xal zonasından çıxarıb. Lakin az sonra Beqanoviçin bolidi texniki problem səbəbindən sürətini itirib və trasın kənarında dayanıb. Bunun sayəsində Herta yenidən ilk onluğa qayıdıb.

Əvvəlcə virtual təhlükəsizlik avtomobili (VSC) rejimi tətbiq olunub. Beqanoviçin bolidi düzlükdə qaldığı üçün onu tez götürmək mümkün olmayıb və VSC daha sonra real təhlükəsizlik avtomobili ilə əvəz olunub.

Bu vaxt Nikolas Varrone də nəhayət pit-stop edib. Van Amersfoort Racing mexanikləri ön sol təkəri gec dəyişsələr də, o yenə də trasa lider kimi qayıdıb.

21-ci dövrədə restart verilib və cəmi bir neçə döngədən sonra Nikola Tsolov argentinalı sürücünü keçərək liderliyi geri alıb. Bundan əlavə məlum olub ki, Varrone pit-leyndə sürət həddini aşıb və buna görə 5 saniyə cərimə alıb.

Varrone yeni Soft təkərlərlə yaxşı temp saxlayıb, lakin Rafael Kamara ona yaxınlaşmağa başlayıb. 26-cı dövrədə braziliyalı ilk hücumu edib, lakin uğursuz olub. Bir az sonra növbəti hücum alınıb və Kamara Varroneni keçərək 2-ci yerə qalxıb.

Bundan sonra Lorens van Hupen də Varroneyə hücum edib. Arxada isə Oliver Göte ona təzyiq göstərib. Bir müddət sonra van Hupen də argentinalı sürücünü keçib. Varrone sürətlə mövqelər itirməyə başlayıb – görünür SuperSoft təkərlər artıq effektivliyini itirib.

Finişə üç dövrə qalmış ilk beşlik belə olub:

  1. Nikola Tsolov
  2. Rafael Kamara
  3. Lorens van Hupen
  4. Oliver Göte
  5. Ritomo Miyata

Yarış da bu nəticə ilə başa çatıb.

Nikola Tsolov Formula 2 tarixində yarış qazanan ilk bolqar sürücü olub. Keçən ilin Formula 3 vitse-çempionu daha yüksək səviyyədə də sürətli olduğunu sübut edib. Bu onun seriyada cəmi beşinci yarışı olub. Pit-leyinə qayıdarkən radio ilə komandaya bildirib ki, belə qələbənin xəyalını çoxdan qurub və bu gün arzusu gerçəkləşib.

Rafael Kamara və Lorens van Hupen də nəticələrindən razı qalıblar. Van Hupeni ilk təbrik edənlərdən biri də həmyerlisi Nik de Vris olub. O, vaxtilə Formula 2 və Formula E çempionu olub və hazırda Toyota zavod komandasında WEC seriyasında çıxış edir.

Formula 2-də debüt edən Kolton Herta isə yarışı 7-ci yerdə bitirib və ilk xallarını qazanıb. O, yarış boyu aktiv mübarizə aparıb, bir neçə uğurlu ötmə edib və ciddi səhv buraxmayıb.

Birinci mərhələdən sonra çempionatın lideri Nikola Tsolov olub. O, sprint yarışında xal qazanmasa da, əsas yarışdakı qələbə sayəsində 25 xal toplayıb.

Gənclər seriyasının növbəti mərhələsini isə bir qədər gözləmək lazım olacaq. İkinci mərhələ 11–12 aprel tarixində planlaşdırılıb, lakin Yaxın Şərqdəki gərgin vəziyyətə görə onun keçirilməməsi ehtimalı var. Eyni risk aprel ayında Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan üçüncü mərhələyə də aiddir.

Rauf Hacıyev

Şərh əlavə et