Avstraliya Qran Prisinin sıralanma turunda Ferrari komandasının sürücüləri Şarl Lekler və Lyuis Həmilton müvafiq olaraq 4-cü və 7-ci nəticələri göstəriblər. Onlar poul mövqeyinin sahibi Corc Rasselldən 0,809 və 0,960 saniyə geri qalıblar.
Yeddiqat Dünya Çempionu Sky Sports kanalının efirində maraqlı sual qaldırıb. O, Mercedes-in böyük üstünlüyünün mühərriyin sıxılma dərəcəsi ilə bağlı ola biləcəyini və bunun icazə verilən həddən yüksək olub-olmadığını soruşub. Əgər belədirsə, niyə FIA buna qarşı tədbir görmür?
Lyuis Həmilton: “ Sıralanma turu bizim üçün ən yaxşısı olmadı, amma bütün həftəsonu özümü yaxşı hiss edirdim. Maşından razı idim və motivasiyam yüksək idi.
Birinci sessiya Medium təkərlərlə çox yaxşı keçdi. Üçüncü və ya dördüncü idim. Bu tərkib üçün yaxşı nəticə idi. Sonra ikinci sessiyada mühərrik və hibrid sistemin enerji verimi ilə bağlı problemlər başladı. Buna görə maşından maksimumu çıxarmaq çətin oldu.
Düşünürəm ki, bu problemlər olmasaydı, üçüncü və ya dördüncü yer uğrunda mübarizə aparmaq mümkün idi. Lakin Mercedes-ə yaxınlaşmaq çətin olardı. Hələ çox işləməliyik.
Məşqlərdə Mercedes komandasının mühərriyinin bütün gücünü göstərmədiyi aydın idi, çünki o zaman sıxılma dərəcəsi ilə bağlı müzakirələr başlayardı. Onlar mühərrik üzərində yaxşı işləyiblər, biz də elə.
Necə olur ki, yalnız güc hesabına bir sektorda fərq 0,2 saniyədən çox yaranır. Bunu bilmək istəyirəm.
Əgər bu fərq doğrudan da sıxılma dərəcəsi ilə bağlıdırsa, FIA niyə tədbir görmədiyini bilmək istəyirəm və bunu düzəltmək üçün nə etmək lazımdır. Əgər məsələ bu deyilsə və sadəcə biz geri qalırıqsa, onda daha yaxşı işləməliyik”.




Şərh əlavə et