Xəbəri Kokpitdə Oxuyun!

Melburna gətirilən yeniliklər

2026-cı ildə Formula 1-də yeni texniki reqlament qüvvəyə minib.

Buna görə də mövsüm ərzində bolidlərin inkişaf tempi çox yüksək olacaq, xüsusilə də çempionatın ilk mərhələlərində. Melburnda keçirilən cümə məşqləri zamanı komandalar ilk texniki yenilikləri təqdim ediblər. Maraqlıdır ki, bəziləri yalnız testlərdən sonra edilən dəyişiklikləri açıqlayıb, digərləri isə ümumilikdə yeni nəsil bolidlərin keçənilkilərdən fərqini izah edib.

McLaren komandası

Mövcud dünya çempionları McLaren yalnız üç yeniliyi qeyd edib.

  • Altlığın kənarlarının geometriyası dəyişdirilib – bu, arxa təkərlərin ətrafında hava axınının daha yaxşı idarə olunmasına kömək edir.
  • Arxa asılqanın bərkidilmə nöqtələrinin örtükləri yenilənib, nəticədə həmin zonada hava axını yaxşılaşıb və diffuzorun işi daha səmərəli olub.
  • Arxa qanadın profili dəyişdirilib – hər iki səthin forması yenilənərək müxtəlif şəraitdə daha yüksək aerodinamik təzyiq əldə olunub.

Mercedes komandası

Mercedes də üç əsas dəyişiklik təqdim edib.

  • W17 bolidinin kuzov forması daha axıcı və maili edilib. Hava girişləri bir qədər yuxarı yerləşdirilib ki, arxa hissəyə yönələn hava axını daha enerjili olsun.
  • Ön qanadın profili testlərdə istifadə edilən versiya ilə müqayisədə daha əyri formaya salınıb. Bu, həm qanadın təzyiqini artırır, həm də hava axınını altlığa daha effektiv yönləndirir.
  • Arxa qanadın profili və elementlərinin eni (xorda) optimallaşdırılıb.

Red Bull komandası

Red Bull bolidlərində bir neçə aerodinamik element dəyişdirilib:

  • ön qanad
  • arxa qanad
  • burun hissəsi

Komandanın açıqlamasına görə, dəyişikliklər 2026-cı il reqlamentinə uyğunlaşdırılıb və əsas məqsəd SM (düzlük rejimi) və CM (döngə rejimi) arasında keçid zamanı aktiv aerodinamikanın daha balanslı işləməsidir.

Ferrari komandası

Ferrari SF-26 bolidində də əsasən qanadlara dəyişiklik edib.

  • Ön qanadın elementləri yenidən ölçülüb: span bir qədər azaldılıb, en  isə artırılıb – bu da düzlüklərdə aerodinamik balansı yaxşılaşdırır.
  • Arxa qanadda dəyişikliklər edilsə də, komanda detallarını açıqlamayıb. Onların aktiv aerodinamika sistemi ilə bağlı olduğu bildirilib.

Williams komandası

Williams FW48 bolidində bir neçə sahədə dəyişiklik edib.

  • Mühərrik örtüyündə isti havanın çıxdığı sahə kiçildilib. Bu, Melburndakı hava şəraitinə uyğunlaşdırılıb.
  • Ön qanadın geometriyası dəyişdirilib ki, maşının digər hissələrinə yönələn hava axını yaxşılaşsın.
  • Arxa qanadın dayaqlarının profili yenilənib. Bu, döngələrdə aerodinamik effektivliyi artırır.
  • Altlığın arxa təkərlərə yaxın hissəsi də yenidən işlənib.

Racing Bulls komandası

Racing Bulls bolidində üç əsas dəyişiklik var:

  • Altlığın ön hissəsi – maşının altından keçən hava axınını yaxşılaşdırmaq və təzyiqi artırmaq üçün dəyişdirilib.
  • Mühərrik örtüyünün üst hissəsi arxa hissəyə yönələn hava axını daha səmərəli olsun deyə forması yenilənib.
  • Soyutma sisteminin jalüzləri Melburn trasının xüsusiyyətlərinə uyğunlaşdırılıb.

Aston Martin komandası

Aston Martin səkkiz dəyişiklik təqdim etsə də, onların çoxu ümumilikdə yeni nəsil bolidin keçənilki maşından fərqini izah edir.

Məsələn:

  • burun hissəsi daha yüksək yerləşdirilib və ön qanaddan ayrılıb;
  • ön qanadın dayaqları birbaşa buruna bərkidilir;
  • diffuzor yeni reqlamentə uyğun əlavə aerodinamik elementlərlə təchiz olunub və daxilində tək bölücü var.

Haas komandası

Haas da eyni yanaşmanı seçərək 2026 bolidlərinin əvvəlki nəsil maşınlardan fərqlərini yeddi bənd üzrə açıqlayıb.

Alpine komandası

Alpine dəyişiklikləri qısa şəkildə təqdim edib və yalnız üç əsas fərqi qeyd edib.

Audi komandası

Yeni zavod komandası Audi (keçmiş Sauber) də oxşar yanaşma ilə yeni bolidin ümumi xüsusiyyətlərini izah edib.

Cadillac komandası

Yeni Amerika komandası Cadillac üç aerodinamik yenilik təqdim edib:

  • Ön qanadın əsas səthinin geometriyası dəyişdirilib ki, aerodinamik təzyiq daha effektiv yaradılsın.
  • Ön qanadın endplate-ləri yenilənib – onlar xarici şərait dəyişikliklərinə daha az həssas olacaq.
  • Arxa qanadın hərəkətli elementinin profili optimallaşdırılıb.

Ümumilikdə Melburndakı təqdimatlar göstərir ki, 2026-cı il mövsümünün ilk mərhələsində aerodinamik inkişaf çox sürətli gedəcək və komandalar hər yarışda yeniliklər gətirməyə davam edəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et