2026-cı ildə reqlamentin köklü dəyişməsi səbəbindən mövsümün ilk kvalifikasiyası xüsusilə maraqla gözlənilirdi. Testlər zamanı əksər komandalar real sürətini gizlətməyə çalışmışdı, lakin Melburndakı kvalifikasiya mövsümün əvvəlində qüvvələr balansını müəyyənləşdirdi.
Məşqlər problemsiz keçməyib. Ən ciddi çətinliklər Aston Martin komandasında yaranıb. Belə ki, Honda mühərrikindəki güclü vibrasiya bolidə ziyan vurur və normal işləməyə imkan vermirdi. Buna görə Fernando Alonso birinci məşqi buraxıb. Cadillac komandasından Serxio Peres ikinci məşqdə iştirak etməyib, Williams pilotu Karlos Sayns isə üçüncü məşqi buraxmalı olub.
Cümə günü ən yaxşı nəticəni Oskar Piastri göstərmişdi. Şənbə səhər üçüncü məşqdə isə Corc Rassell bolidin sürətini nümayiş etdirərək ən yaxın rəqibini 0,6 saniyə qabaqlamışdı.
Kimi Antonelli isə az qala kvalifikasiyanı buraxacaqdı. O, üçüncü məşqin sonunda ciddi qəza etmişdi və Mercedes mexanikləri bolidi yalnız sessiya başlayarkən bərpa edə bildilər.
Albert Park trasında tribunalar artıq cümə günündən dolu idi. Avstraliyada Formula 1 böyük maraqla qarşılanır və həftəsonu ərzində təşkilatçılar təxminən yarım milyon tamaşaçı gözləyirdilər.
Pirelli bu mərhələyə ənənəvi olaraq yumşaq üçlüyü gətirmişdi: C3 (Hard), C4 (Medium) və C5 (Soft).
Q1
Birinci sessiyada Ferrari sürücüləri Medium, digər komandalar isə Soft təkərlərlə trasa çıxıb. Kimi Antonelli, Lans Stroll və Karlos Sayns əvvəlcə bokslarda qalıblar.
İlk ciddi nəticəni Corc Rassell göstərib – 1:19.840. Bir az sonra qırmızı bayraqlar qaldırılıb.
Maks Ferstappen ilk döngədə qəza edib. Düzlüyün sonunda əyləcləmə zamanı arxa əyləclər bloklanıb, bolid fırlanaraq çınqıl sahəsini keçib və baryerə çırpılıb. O, komandasına yaxşı olduğunu bildirib, lakin sükanın zərbəsindən sağ əlindən tuturdu.
Sessiya 10 dəqiqə dayandırılıb. Yenidən başlayanda Lyuis Hemilton 1:19.811, sonra Oskar Piastri 1:19.664, daha sonra isə Rassell 1:19.507 nəticə göstərib.
Sessiyadan kənarda qalanlar:
- Fernando Alonso
- Serxio Peres
- Valtteri Bottas
- Maks Ferstappen
- Karlos Sayns
- Lans Stroll
Q2
Hamı Soft təkərlərlə çıxış etdi. Yenə də ən sürətli Rassell oldu – 1:18.934. İlk cəhddə heç kim ona 0,6 saniyədən artıq yaxınlaşa bilmədi.
İkinci cəhddə də lider dəyişmədi. Şarl Lekler Ferrari ilə ona ən yaxın nəticəni göstərdi, lakin 0,4 saniyə geri qalırdı.
Finala keçə bilməyənlər:
- Niko Hülkenberq
- Oliver Berman
- Esteban Okon
- Pyer Qasli
- Aleks Albon
- Franko Kolapinto
Q3
Final sessiyası Qabriel Bortoletonun Audi bolidinin pit yolunda dayanması səbəbindən gec başlayıb. O, Q3-ə çıxsa da, texniki problemə görə iştirak edə bilməyib. Onun arxasında Liam Louson da dayanmalı olub və Arvid Lindblad az qala onunla toqquşacaqdı.
Sürücülər Soft təkərlərlə trasa çıxanda yalnız Piastri dövrəni tamamlamışdı ki, yenə qırmızı bayraqlar qaldırıldı. Mercedes mexanikləri Antonellinin bolidindəki xarici soyutma avadanlığını çıxarmağı unudub və onun hissələri trasda qalıb.
Lando Norris həmin detalın üzərindən keçib və o, çoxlu hissələrə parçalanıb. Marşallar trası təmizləyiblər, McLaren mexanikləri isə Norrisin bolidini boksda təmir ediblər.
Sessiya yenidən başlayanda Rassell 1:19.084 nəticə göstərib. Bu zaman Antonelli sürətli dövrədə çınqıla çıxaraq cəhdini itirdi.
Son cəhddə əvvəlcə Antonelli 1:18.811 nəticə ilə lider olub, lakin Rassell daha sürətli dövrə vuraraq 1:18.518 göstərib.
Nəticə
Corc Rassell mövsümün ilk kvalifikasiyasında qalib gəlib və karyerasında 8-ci poul mövqeyini qazanıb. Mercedes tarixində 85-ci dəfə start düzülüşünün ilk iki yerini tutub.
Günün sürprizi isə Ayzek Hadjar olob. O, 3-cü yeri tutaraq karyerasının ən yaxşı kvalifikasiya nəticəsini göstərib. Bununla da Maks Ferstappenin komanda yoldaşlarını 24 yarış ardıcıl kvalifikasiyada qabaqlamaq seriyası başa çatıb.
| Sıra | Sürücü | S1 Mövqe | S1 Vaxt | S1 Dövrə | S2 Mövqe | S2 Vaxt | S2 Dövrə | S3 Mövqe | S3 Vaxt | S3 Dövrə |
| 1 | C. Rassell | 1 | 1:19.507 | 8 | 1 | 1:18.934 | 6 | 1 | 1:18.518 | 8 |
| 2 | K. Antonelli | 6 | 1:20.120 | 5 | 3 | 1:19.435 | 6 | 2 | 1:18.811 | 7 |
| 3 | A. Hacar | 5 | 1:20.023 | 6 | 5 | 1:19.653 | 6 | 3 | 1:19.303 | 7 |
| 4 | Ş. Lekler | 7 | 1:20.226 | 7 | 2 | 1:19.357 | 9 | 4 | 1:19.327 | 8 |
| 5 | O. Piastri | 2 | 1:19.664 | 10 | 4 | 1:19.525 | 7 | 5 | 1:19.380 | 9 |
| 6 | L. Norris | 4 | 1:20.010 | 11 | 6 | 1:19.882 | 7 | 6 | 1:19.475 | 8 |
| 7 | L. Hamilton | 3 | 1:19.811 | 9 | 7 | 1:19.921 | 8 | 7 | 1:19.478 | 8 |
| 8 | L. Louson | 9 | 1:20.491 | 10 | 9 | 1:20.144 | 8 | 8 | 1:19.994 | 6 |
| 9 | A. Lindblad | 8 | 1:20.409 | 11 | 8 | 1:19.971 | 8 | 9 | 1:21.247 | 6 |
| 10 | Q. Bortoleto | 10 | 1:20.495 | 6 | 10 | 1:20.221 | 8 | — | — | 0 |
| 11 | N. Hülkenberq | 12 | 1:21.024 | 10 | 11 | 1:20.303 | 8 | — | — | — |
| 12 | O. Berman | 16 | 1:21.247 | 10 | 12 | 1:20.311 | 8 | — | — | — |
| 13 | E. Okon | 11 | 1:20.759 | 10 | 13 | 1:20.491 | 8 | — | — | — |
| 14 | P. Qasli | 14 | 1:21.138 | 10 | 14 | 1:20.501 | 8 | — | — | — |
| 15 | A. Elbon | 13 | 1:21.051 | 11 | 15 | 1:20.941 | 8 | — | — | — |
| 16 | F. Kolapinto | 15 | 1:21.200 | 10 | 16 | 1:21.270 | 8 | — | — | — |
| 17 | F. Alonso | 17 | 1:21.969 | 10 | — | — | — | — | — | — |
| 18 | S. Peres | 18 | 1:22.605 | 7 | — | — | — | — | — | — |
| 19 | V. Bottas | 19 | 1:23.244 | 8 | — | — | — | — | — | — |
| 20 | M. Ferstappen | 20 | — | 2 | — | — | — | — | — | — |
| 21 | K. Sayns | 21 | — | 0 | — | — | — | — | — | — |
| 22 | L. Stroll | 22 | — | 0 | — | — | — | — | — | — |




Şərh əlavə et