Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Ən sürətli deyilik

Oskar Piastri doğma şəhəri olan Melburnda keçirilən ev Qran Prisində qalib gəlmək arzusundadır.

Bununla belə, McLaren komandasının avstraliyalı sürücüsü həddən artıq optimist gözləntilərdən çəkinməyə çağırır, ancaq komandasının mövsümün ilk mərhələsindən etibarən ön sıralar uğrunda mübarizə apara biləcəyinə ümid edir.

Oskar Piastri: “Hazırda keçənilki kimi formada olduğumuzu demək  həddindən artıq optimist səslənər. Məncə, McLaren liderlər qrupuna yaxındır, amma testlərdən sonra belə təəssürat yarandı ki, Mercedes və Ferrari bir qədər öndədir. Deyərdim ki, eyni sözləri Red Bull haqqında da demək olar.

Lakin hamı yeni maşınlara tədricən uyğunlaşır və komandalar texniki yeniliklər tətbiq etdikcə vəziyyət çox sürətlə dəyişir. Ona görə də baxaq görək necə olacaq. 12 ay əvvəl Melburndakı yarışdan əvvəl də böyük ümidlərimiz var idi və çox yaxşı nəticə göstərə biləcəyimizi düşünürdük.  Bu il də nəticə pis olmaya bilər, ancaq bunun üçün yenə də irəliləyiş lazımdır.

Əvvəlki illərdə qazandığımız təcrübə və biliklər müəyyən qədər indi də kömək edir, bu dəqiqdir. Amma pilotaj üslubunu dəyişmək lazım gəldi, yeni çətinliklər yarandı və ümumiyyətlə dəyişikliklər əvvəlkindən qat-qat çoxdur. Buna baxmayaraq, növbəti addımı ata biləcəyimə əminəm və ümid edirəm ki, əvvəl işlədiyim yanaşmalar burada da kömək edəcək, sonra isə nəyə nail ola biləcəyimizi görəcəyik.

Əgər ev Qran Prisində qalib gəlsəm, bu mənim üçün xüsusilə böyük nailiyyət olacaq. Hər sürücü bunu arzulayır, mən də istisna deyiləm. Amma Avstraliyada mövsüm yenicə başlayır və qarşıda çoxlu naməlum amillər var. Buna baxmayaraq, qələbə uğrunda maksimum mübarizə aparmağa hazıram, maşın buna imkan versə də, verməsə də. Əvvəlcə MCL40-ın hansı sürətə qadir olduğunu anlamaq lazımdır.

Testlərin nəticələrinə görə ciddi nəticə çıxarmaq olmaz. Qüvvələr nisbəti barədə müəyyən təsəvvür yaradan yeganə şey yarış simulyasiyalarında göstərilən tempdir, çünki bu zaman maşınlar tam yanacaqla işləyir. Ferrari bu simulyasiyalarda çox yaxşı görünürdü. Mercedes də mövsümə yaxşı hazırlaşıb, onlar hələ Barselonada güclü təsir bağışlamışdılar.

Lakin  çox geri qaldığımızı düşünmürəm. Görünür ki, liderlər qrupundayıq, sadəcə ən ön sırada deyilik. Bir sözlə, bir qədər də sürət tapsaq, ilk mövqelər uğrunda mübarizə apara bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et