Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin təsdiqləyib…

Aston Martin komandasının rəhbəri Ədrian Nyui etiraf edib ki, Fernando Alonso və Ləns Stroll üçün Avstraliya yarışında iştirak ciddi şəkildə məhdud olacaq.

Buna səbəb isə Honda-nın istehsalı olan güc qurğusunun yaratdığı güclü vibrasiyanın sürücülərin sağlamlığı üçün risk yaratmasıdır.

Adrian Nyui: “Şassiyə ötürülən vibrasiya etibarlılıqla bağlı müəyyən problemlər yaradır – güzgülər, arxa fənərlər və buna bənzər detalları yerindən qoparır. Amma daha ciddi problem odur ki, bu vibrasiya sonda sürücünün barmaqlarına ötürülür.

Fernando hesab edir ki, ardıcıl olaraq 25 dövrədən çox sürə bilməyəcək, əks halda əllərində sinirlərin geri dönməz zədələnməsi riski yaranacaq. Lance isə düşünür ki, 15 dövrədən artıq sürə bilməyəcək. Buna görə də hazırda bizim gözləntilərimiz barədə danışmağın mənası yoxdur.

Təəssüf ki, mənimlə Kodzi Vatanabe arasında bu görüşə qədər məsələni ətraflı müzakirə etmək imkanı olmadı. Problemin mənbəyini aradan qaldırana qədər qət edə biləcəyimiz dövrələrin sayını ciddi şəkildə məhdudlaşdırmalı olacağıq”.

Kodzi Vatanabe: “Geniş dinamik sınaqlara əsaslanaraq, hazırkı mərhələdə ən effektiv hesab etdiyimiz əks-tədbirləri tətbiq edəcəyik. Lakin bolid trasda sürüləndən sonra bu tədbirlərin nə dərəcədə effektiv olduğunu tam anlaya biləcəyik. Buna görə də bu həftə güc qurğusunun işində müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Honda Racing Corporation və Aston Martin komandası sıx əməkdaşlığı davam etdirəcək və artıq əlavə tədbirlər də nəzərdən keçirilir”.

Rauf Hacıyev

Şərh əlavə et