Xəbəri Kokpitdə Oxuyun!

Audi debüt yarışına hazırdır

Avstraliya Qran Prisi Audi zavod komandasının tarixində ilk mərhələ olacaq.

Komanda bu mövsümədək Sauber adı altında çıxış edirdi. Rəhbər Conatan Vitli və sürücülər Niko Hülkenberg ilə Gabriel Bortoleto Melburndakı mərhələ barədə gözləntilərini bölüşüblər.

Conatan Vitli: “Melburndakı yarış birgə səylərimizin kulminasiyası olacaq. Biz yeni komandanı işə saldıq, Audi markası altında öz güc qurğumuzla ilk bolidi yaratdıq və son illərin ən genişmiqyaslı mövsümöncəsi hazırlıq proqramlarından birini həyata keçirdik. Həmçinin Hinvildəki bazanın yenidən qurulmasının ilk mərhələsini başa çatdırdıq və gərgin qışdan sonra ilk Qran Primizə artıq Audi komandası kimi gəlmişik.

Əldə etdiklərimizlə böyük qürur duyuruq, amma qarşıdakı çətinlikləri də anlayırıq. Görüləsi çox iş var, rəqiblərimizə hörmətlə yanaşırıq, lakin inamla irəliləyirik. Bu, uzun yolun yalnız başlanğıcıdır. Komandanın potensialını inkişaf etdirməyə və qarşıdakı yarış həftəsonunu problemsiz keçirməyə fokuslanmışıq”.

Niko Hülkenberq: “Formula 1-in yeni erasının ilk yarışına və Audi komandasının debütünə görə Melburna yollanmaq çox xoşdur. Uzun yol qət etmişik və həm komandanın özündə, həm də Hinvil və Noyburqdakı bazalarda böyük həyəcan var. Pərdəarxasında nəhəng iş görülüb və indi bunu nəticəyə çevirməyin vaxtıdır.

Albert Park trası unikaldır, əsasən şəhər tipli konfiqurasiyaya malikdir. Bu həftəsonu bütün komandaların tam potensialını görəcəyimizə əmin deyiləm. Eyni zamanda burada yarışlar bəzən xaotik keçir. Melburn mövsümə başlamaq üçün ideal məkandır və yarışların qayıdışını səbirsizliklə gözləyirəm”.

Qabriel Bortoleto: “Yeni mövsümə başlamaq həmişə xoşdur, amma bu mövsüm bizim üçün xüsusidir, çünki Audi komandası kimi start götürürük.

Mövsümöncəsi testlərdə əsas məqsəd yeni bolidin sükanı arxasında özümü rahat hiss etmək və yeni reqlament şəraitində onun davranışını anlamaq idi. Yaxşı məsafə qət etdik və hazırlıq proqramında planlaşdırılan hər şeyi yerinə yetirdik.

İndi hər şey ciddidir və nəticə önəm daşıyır. Mən yarışlar üçün yaşayıram və yarış həftəsonunu səbirsizliklə gözləyirəm. Qarşıda uzun mövsümün ilk mərhələsi var. Artıq mənim Formula 1-də ikinci mövsümümdür. Trasların xüsusiyyətlərini daha yaxşı anlayaraq ora qayıtmaq maraqlıdır. Ancaq yeni maşınlara görə təcrübədən asılı olmayaraq hamı faktiki olaraq sıfırdan başlayacaq və bu, yaxşı fürsət ola bilər.

Komanda həftəsonunun əvvəlindən ritm tapmağa və boliddən maksimum nəticə çıxarmağa fokuslanıb”

Rauf Hacıyev

Şərh əlavə et