Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Hədəfim Lekleri udmaq deyil

Lyuis Həmilton mövsüm ərəfəsində kifayət qədər pozitiv əhval-ruhiyyədə olduğunu bildirib və Ferrari-nin azarkeşlərini sevindirib. Yeddiqat dünya çempionu bu barədə İtaliyanın Corriere della Sera qəzetinə müsahibəsində danışıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü keçən il gözləntiləri qarşılamamış və tiffoziləri məyus etmişdi.

Lyuis Həmilton: “Ötən il məqsədim Ferrari ilə dünya çempionu olmaq idi və buna nail ola bilmədim. Amma bu, istədiyimə çata bilməyəcəyim demək deyil. İnsan özünü analiz etməlidir, ətrafındakı insanlara – komanda yoldaşlarından ailənə qədər – diqqət yetirməlidir, motivasiyanı qoruyub saxlamalı və özünə çətin suallar verməlidir.

Çin təqviminə görə Odlu At ili başlayıb və bu, azadlığı, təzyiqi aşmaq istəyini və fundamental dəyərlərə sadiqliyi simvolizə edir. Lakin bu il texniki baxımdan yeni imkanları da yaradır, çünki Formula 1-də hamı faktiki olaraq sıfırdan başlayır. Bu isə möhtəşəmdir!

Şarl Lekleri məğlub edə biləcəyəmmi? Mövsümə bu prizmadan baxmıram, çünki Ferrari unikal komandadır. Təkcə İtaliyada yox, ondan kənarda da bu komandaya sevgi bir növ din kimidir. Məqsədim azarkeş ordusunda parçalanma yaratmaq deyil, çünki hər ikimiz qələbə istəyirik və əlbəttə, qalib gələn tərəf olmaq istəyirəm, bunun üçün çalışıram. Ancaq komandanın maraqları hər şeydən üstündür.

Şarl fenomenal sürücüdür, özünəməxsus pilotaj üslubu və yanaşması var, artıq səkkiz ildir Skuderiyada çıxış edir. Mən isə fərqli vəziyyətdəyəm, amma son 14 ay ərzində 2026-cı il bolidi üzərində çalışmışam, simulyatorda işləmişəm, mühəndislərlə ünsiyyətdə olmuşam. SF-26-da mənim də DNT-min bir hissəsi var və bu, məni ruhlandırır.

Mövsümöncəsi testlər qüvvələr nisbəti barədə yalnız təxmini təsəvvür yaradır. Hətta Toto Volffa və Zek Brauna zəng edib onların hansı nəticələrə gəldiyini soruşdum, lakin konkret cavab ala bilmədim. Hər halda bir şeyi bilirəm: ötən il yaşadıqlarımızdan sonra istənilən vəziyyətin öhdəsindən gələ bilərik.

Komandamızın qalib gəlmək üçün hər şeyi var. Davamlı işləməliyik və bunu demək asandır, həyata keçirmək çətindir. Amma mən Ferrari-yə inandığım üçün gəlmişəm və bu inam hələ də qalır”.

Rauf Hacıyev

Şərh əlavə et