Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-dən qeyri-adi arxa qanad

Çərşənbə səhəri Bəhreyndəki testlərdə Ferrari komandası paddokun diqqətini arxa çıxış borularının arxasında təqdim etdiyi maraqlı yeni qanad elementi ilə cəlb edib. Görünür, bu yenilik “qırmızılar”ın mövsümün ilk mərhələsi Melburn üçün hazırladığı yeniləmələr paketinin bir hissəsidir.

Kiçik, əyri formalı detal maşının arxa hissəsində yerləşdirilmiş miniatür qanadı xatırladır. Halbuki nəzəri olaraq həmin zonada kuzov elementlərinin istifadəsinə ciddi məhdudiyyətlər tətbiq olunur. Ehtimal olunur ki, Ferrari mühəndisləri arxa qanadın pilonları ilə bağlı reqlamentdəki imkanlardan məharətlə istifadə edərək, bu yeniliyin qaydalara uyğunluğunu təmin ediblər.

Yeni aerodinamik elementin iki əsas üstünlük verməsi nəzərdə tutulur: Birincisi, arxa qanadın hava axını ilə qarşılıqlı təsirini yaxşılaşdırmaq üçün çıxış qazlarının yönləndirilməsinə kömək etmək.

İkincisi, bu həll diffuzordan çıxan hava axınının davamı kimi işləyə bilər ki, bu da SF-26 modelinin xüsusiyyətlərini yaxşılaşdırmağa və daha böyük sıxma qüvvəsi əldə etməyə xidmət edir.

Beləliklə, Ferrari mövsümə qədər texniki mübarizədə rəqiblərinə qarşı kiçik, lakin potensial olaraq əhəmiyyətli üstünlük qazanmağa çalışır.

Rauf Hacıyev

Şərh əlavə et