Xəbəri Kokpitdə Oxuyun!

İddia: Red Bull-un saydpodları yasaqlanır

Xarici mətbuatın məlumatına görə, FIA Red Bull-un hazırladığı saydpod dizaynını 2027-ci ilin texniki reqlamentinə daxil edilən dəyişikliklə rəsmən qadağan edib.

Almaniyanın Auto Motor und Sport nəşri Red Bull-un son yarışlarda ardıcıl qələbələr qazanmasından sonra FIA-nın komandanın aerodinamik həllini araşdırdığını yazıb. Həmin xəbərdə güc qurğusu və aerodinamik komponentlərlə bağlı genişmiqyaslı yoxlamaların nəticəsində bəzi qaydaların dəyişdirilə biləcəyi də qeyd olunub.

GPblog-un əldə etdiyi məlumata əsasən, FIA məsələni araşdırmaqla kifayətlənməyib, qadağanı 2027-ci il Texniki Reqlamentinin 3-cü bölməsinə də daxil edib. Müzakirələrin mərkəzində isə bolidin altlıq komponentlərini tənzimləyən C3.5.14 maddəsi dayanır.

Red Bull 2026-cı il mövsümündə kuzovun radiusuna dair sərt tələbləri aşmaq üçün yan pontonların alt hissəsi boyunca nazik bir xətt formalaşdırıb. Bu həll karbon lifindən hazırlanmış kənarın daha aqressiv və iti formada olmasına imkan verib.

Belə dizayn hava axınının bolidin arxa hissəsindəki vacib altlıq səthlərinə daha səmərəli ötürülməsini təmin edib. Yeni qayda isə həmin xətlərin kuzov səthləri ilə təmas edə biləcəyi sahələri ciddi şəkildə məhdudlaşdıraraq bu qeyri-müəyyənliyi aradan qaldırır.

Qadağa 2026-cı il mövsümündə çempionluq mübarizəsinin gedişinə təsir etməyəcək. Mövcud texniki reqlamentə əsasən, bu dizayn qanuni hesab olunur. Buna görə də Red Bull Ostində keçiriləcək ABŞ Qran Prisində RB22 bolidində heç bir dəyişiklik etmədən yarışa çıxa biləcək.

Lakin həm Red Bull, həm də Bakıda öz bolidində eyni konsepsiyanı tətbiq edən Audi 2027-ci il avtomobillərində yan pontonların alt kənarlarını yenidən dizayn etməli olacaq. Bunun üçün yeni standart əyrilik tələblərinə uyğunlaşmaq lazım gələcək.

Rauf Hacıyev

Şərh əlavə et