Xəbəri Kokpitdə Oxuyun!

Formula 1-də yeni faktor – yanacaq

Melburnda mövsümün ilk yarışına üç həftədən az vaxt qalır və ən çox müzakirə olunan mövzulardan biri güc qurğularıdır. Mercedes mühərriyinin sıxılma dərəcəsi, start proseduru və digər məsələlərlə bağlı Formula 1 Komissiyasının qərarı gözlənilərkən, daha bir vacib faktor ön plana çıxıb – yanacaq.

Bu mövsümdən etibarən təchizatçılar Formula 1 üçün yanacağın bərpa olunan mənbələrdən – bioloji (bioyanacaq) və ya sintetik (e-fuel) – istehsal olunmasına, yəni fosil xammaldan istifadə edilməməsinə zəmanət verməlidir.

Yeni yanacaq növlərinin sertifikatlaşdırılmasını FIA Britaniyanın Zemo şirkətinə həvalə edib. Şirkət bütün istehsal dövrünə nəzarət edir və məhsulun tələblərə uyğunluğunu təsdiqləyir. Bu, uzunmüddətli prosesdir və hazırda ilkin sertifikatlaşdırma mərhələsi getdiyi üçün bəzi təchizatçıların çətinliklərlə üzləşməsi təəccüblü deyil.

Bununla belə, bütün komandalar Avstraliya Qran Prisində start almalıdır. Reqlamentə görə, əgər homologasiya vaxtında tamamlanmasa, komandalara “müvəqqəti” və ya qismən homologasiyadan keçmiş yanacaqdan istifadə etməyə icazə verilə bilər.

Hazırda yalnız iki təchizatçı yanacağı tam homologasiyadan keçirə bilib:

  • Shell – Ferrari, Haas və Cadillac komandalarına yanacaq verir;
  • BP – Audi komandasının təchizatçısıdır.

Maraqlıdır ki, Bəhreyndə testlərin ilk həftəsində, cümə axşamı və cümə günləri Ferrari artıq homologasiyadan keçmiş bioyanacaqdan istifadə edib. Üstəlik, Shell məhz bioyanacağa üstünlük verən yeganə təchizatçıdır. Digər şirkətlər isə müştərilərinə sintetik yanacaq təqdim etməyi seçiblər.

Beləliklə, yeni mövsümdə mühərriklərin gücü ilə yanaşı, hansı yanacağın seçildiyi və onun xüsusiyyətləri də performansa təsir edən əsas amillərdən birinə çevriləcək. Formula 1 tədricən yalnız sürət yarışından yox, həm də texnologiya və enerji strategiyaları yarışına çevrilir.

Rauf Hacıyev

Şərh əlavə et