Xəbəri Kokpitdə Oxuyun!

Williams testlərdəki problemləri həll edə biləcək?

Williams komandası Bəhreyndə ilk üç test gününün yekununa görə qət olunan məsafə baxımından liderlərdən biri olub – Aleks Elbon və Karlos Sayns yeni maşınla ümumilikdə 422 dövrə (2284 km) qət ediblər.

Eyni göstərici McLaren-də də qeydə alınıb və hər iki komandanın Mercedes güc qurğusundan istifadə etməsi bu mühərriklərin yüksək etibarlılığını göstərir. Yanvarda Barselonadakı testləri buraxan Williams üçün məsafə toplamaq xüsusilə vacib idi və komanda bu həftə FW48-in və onun bütün sistemlərinin işi barədə maksimum məlumat toplamağa çalışıb.

Lakin sürət baxımından vəziyyət nikbin deyil. Williams-ın ən yaxşı dövrəvi nəticəsi Kimi Antonellinin (Mercedes) vaxtından üç saniyədən çox geri qalıb. Bu isə açıq şəkildə narahatedici siqnaldır.

İspaniyanın Marca nəşrinin məlumatına görə, bu fərqin bir hissəsi FW48-in təxminən 20 kq artıq çəkiyə malik olması ilə izah olunur. 5412 metrlik trasda belə əlavə çəki dövrə başına 0,6–0,7 saniyə itki deməkdir. Yarış məsafəsində bu artıq təxminən 40 saniyə geri qalmaq anlamına gəlir.

Top-komandalarla müqayisə tam düzgün olmasa da, mövsümün əvvəlində Williams-ın orta qrupdakı rəqiblər Racing Bulls və Haas ilə müqayisədə də əlverişsiz vəziyyətdə ola biləcəyi görünür.

Məlumata görə, artıq çəki FW48 şassisinin ilk cəhddə FIA-nın məcburi krəş-testindən keçməməsi ilə bağlıdır. Bundan sonra konstruksiyanı gücləndirmək üçün təcili tədbirlər görülüb. Bu fövqəladə vəziyyət mövsümə hazırlıq proqramına mənfi təsir göstərib. Komanda Bəhreyndə sınaqdan keçirməyi planlaşdırdığı bəzi aerodinamik elementləri vaxtında hazırlaya bilməyib.

Yeni nəsil maşınlarda ümumilikdə təxminən 30 faiz azaldılmış asfaltayatma qüvvəsi (downforce) var, lakin Williams-ın şassi modernizasiyasında rəqiblərdən geri qalması FW48-in sürət potensialına da təsir edir. Xüsusilə əyləcləmə zamanı stabillik çatışmazlığı müşahidə olunur, baxmayaraq ki, oxşar problemlərdən əksəe komandalar şikayət ediblər.

Cümə günü Elbon yarış simulyasiyası keçirib. Onun Hard təkərlərlə orta dövrə tempi Mercedes pilotlarından təxminən iki saniyə geri qalıb. Medium tərkibli təkərlərlə isə fərq iki-üç saniyə aralığında olub.

Komanda bazasında artıq çəki problemini həll etmək üçün intensiv iş gedir, lakin bunun vaxt tələb edəcəyi bildirilir. Təxmini planlara görə, müəyyən irəliləyiş mövsümün dördüncü mərhələsinə – aprel ayında keçiriləcək Bəhreyn Qran-prisinə qədər mümkün ola bilər.

Williams ümid edir ki, maşın həm yüngülləşəcək, həm də aerodinamik baxımdan daha effektiv olacaq. Əgər bu planlar reallaşsa, azarkeşlər üçün mövsüm hələ bitməyib. Belə ki, qarşıda iyirmidən çox yarış var və düzgün inkişaf tempi ilə geri qalmanı mərhələli şəkildə kompensasiya etmək mümkündür.

Rauf Hacıyev

Şərh əlavə et