Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin-dəki əsas problem nədir?

Bəhreyndəki testlərin ikinci günündə Fernando Alonsonun işinə və onun AMR26 ilə nəyə qadir olacağına böyük ümidlər bəslənirdi. Ləns Stroll üçün narahatedici keçən ilk gündən sonra, ikinci gündə əsas diqqət maşını trasa çıxaran Fernando Alonsonun üzərində idi. Gün ərzində hər şey oldu – həm müsbət, həm mənfi məqamlar və yekun nəticə heç kəsi razı salmadı. Səhər proqramı belə oldu.

Alonso aerodinamik sınaqları sabit sürətlə aparmaq üçün iki quraşdırma dövrəsi ilə başladı. Daha sonra sessiyanın ikinci saatında iki seriya ilə maşını və onun müxtəlif sazlamalarda nələr təklif edə biləcəyini öyrənməyə başladılar. Bu mərhələdə enerji istifadəsi çox aşağı səviyyədə saxlanıldı. Ardınca sazlama proqramına keçildi: səhər ərzində dörd seriya keçirildi – üçü C2, biri isə C1 təkərləri ilə. Hər seriya iki növbəli sürətli dövrə və yarış tempində altı dövrə ilə başladı. Günün ikinci yarısında da eyni format davam etdi, maşının limitlərini və real potensialını müəyyən etməyə çalışdııar. Gün ümumilikdə problemsiz tamamlandı, etibarlılıq baxımından ciddi nasazlıq yaşanmadı, lakin əldə olunan hissiyat baxımından nəticə gözləniləndən xeyli uzaq qaldı.

Alonsonun adi bir seriyasını Norris ilə müqayisə etdikdə isə vəziyyət belə olub: iki maşın arasında fərq dövrənin sonunda təxminən dörd saniyəyə çatıb – səhər saatlarında Strollun da qeyd etdiyi kimi. Problemlər xüsusilə düzlükdə özünü göstərib: Aston Martin burada 2,5 saniyə itirib ki, bu da iki maşının güc qurğusunu fərqli idarə etməsindən irəli gəlib. Qalan təxminən bir yarım saniyə isə döngələrdə itirilib və bu, bolidin həddən artıq “gənc” olması ilə əlaqələndirilib. Güc qurğusunun fərqli idarə olunması Ferrari ilə müqayisədə daha aydın görünür.

Aston Martin mühərriyi gün ərzində çox aşağı və konservativ güc rejimində işlədib. Mühərriyin dövriyyəsi təxminən 1000 rpm azaldılıb və enerji ötürülməsi maksimum dərəcədə ehtiyatlı saxlanılıb. Hətta vəziyyət o həddə çatıb ki, mühərrik düzlüyün sonunda sürəti qorumaq əvəzinə azaldıb. Aydındır ki, bu yanaşma Avstraliyada saxlanılmayacaq, böyük ehtimalla Bəhreyn mərhələsində də davam etməyəcək. Məsələn, 13 və 14-cü döngələr arasında 0.6 saniyə, sonuncu və birinci döngələr arasında isə daha 0.6 saniyə itirilib. Düzlüyün əvvəlində və sonunda qeydə alınan sürət fərqi də açıq şəkildə hiss olunub.

Honda mühərriyi düzlükdə təxminən 15–20 km/saat sürət çatışmazlığı yaşayıb. Bunun əsas səbəbi çox aşağı güc proqramında işləməsidir – mühərrik 11.000 dövr/dəqiqədən yuxarı qalxmayıb və hər düzlüyün sonunda erkən kəsilib. Nəticədə bolid 300 km/saat həddini cəmi üç dəfə keçə bilib və hələlik nə “Overtake” rejimi, nə də güc qurğusunun daha aqressiv rejimləri sınaqdan keçirilib.

Müsbət tərəf ondadır ki, bu problemlərin əksəriyyəti bolidin gənc və təcrübəsiz olması ilə bağlıdır. Dövrələrin artması ilə aşağı sürətli hissələrdə fərqlərin azalacağı gözlənilir. Konservativ sazlamanın aradan qaldırılması isə komandaya nisbətən asan qazanılan vaxt verə bilər. Hazırda AMR26-da çox şey məhdudlaşdırılıb və qarşıdakı dörd günün əsas məqsədi bu potensialı tam şəkildə üzə çıxarmaq olacaq.

 

Rauf Hacıyev

Şərh əlavə et