Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin və gecikmə səbəbləri

Barselonada bu həftə keçirilən “shakedown” testində Aston Martin-in iştirakı hələ də sual altındadır. Britaniya komandası bazar ertəsi günü AMR26 bolidini cümə axşamı və cümə günləri trasa çıxarmağı planlaşdırdığını açıqlayıb.

Komandalara ümumilikdə üç test günü ayrıldığını nəzərə alsaq, bu xəbər Aston Martin-in Kataloniya trasına gec çatacağını təsdiqləyib. Bununla belə, əgər iki günü səmərəli proqramla keçirə bilsələr, yenə də mühüm məlumatlar toplamaq mümkün olacaq.

Logistik gecikmələrlə yanaşı, Ədrian Nyui tərəfindən qəbul edilən bir sıra iddialı qərarlar — həm aerodinamika, həm də güc qurğusunun dizaynına təsir göstərən dəyişikliklər — Silverstoun mərkəzli komandanın trasdakı fəaliyyətini xüsusilə maraqlı edib.

Nyui-nin tələbi ilə Honda-dan radikal dizayn təsdiqi

Nyui Red Bull-un texniki komandasına rəhbərlik etdiyi dövrdə risk almaq adi hal sayılıb. 67 yaşlı mühəndis tez-tez reqlamentlərin sərhədlərini sona qədər istifadə edib və digərlərinin gözdən qaçırdığı texniki həlləri tapıb.

Bu cür cəsarətli düşüncə çempionluqlar qazanmaq üçün çox vaxt zəruri olub. Eyni zamanda isə risk artdıqca nəyinsə uğursuz alınma ehtimalı da yüksəlir.

Buna baxmayaraq, Adrian Nyuinin qış fasiləsi dövründəki yanaşması yüksək risk üzərində qurulub. Məhz buna görə Aston Martin AMR26-nı Barselonada keçiriləcək testlər üçün bir qədər gec yığmağa başlayıb.

Britaniyalı mühəndis testlərə mümkün qədər mürəkkəb və təkmil paketlə çıxmağı üstün tutub — bu, dövrələrin sayının azalması bahasına başa gəlsə belə. 2010-cu ildə Red Bull Valensiyadakı testləri qəsdən buraxaraq, aerodinamik və mexaniki platformanı maksimum səviyyədə optimallaşdırmağa fokuslanmışdı.

Bu cəsarətli fəlsəfənin arxasında məntiq dayanıb. Axı test nə qədər səmərəli keçirilsə də, trasda dövrə vuran bolid rəqabətədavamlı olmalıdır.

Əgər komandalar əsasdan zəif bir maşın hazırlayırsa, heç bir test proqramı mövcud olmayan performansı ortaya çıxara bilməz. Ədrian Nyui üçün əsas prioritet mümkün qədər çox vaxtı güclü bir texnika yaratmağa sərf etməkdir.

Qismən elə buna görə də Nyui Honda ilə daimi əlaqədə olub. Aston Martin-in Endi Koveli komanda rəhbəri vəzifəsindən Baş Strateq postuna keçirməsi də məhz britaniyalılarla yapon istehsalçı arasındakı intensiv əməkdaşlıqdan qaynaqlanıb.

Honda-nın mühərrik inkişafına cavabdeh olan Satoşi Tsunoda Nyuinin tələbi ilə edilən bəzi dəyişikliklərdən danışıb: “Yeni maşını hazırlayarkən komanda bizdən onu mümkün qədər kompakt və uzunluq baxımından qısa etməyi istədi. Biz də iki mərtəbəli dizayna qərar verdik.

Batareyanın xarici görünüşü ötən ildən çox dəyişməyib, amma daxilində tamamilə yeni batareya yaradılıb. Düşünürəm ki, bu, rəqabət qabiliyyətimizə müəyyən qədər töhfə verəcək”.

Rauf Hacıyev

Şərh əlavə et