2026-cı il ərəfəsində bu sual əvvəlkilərdən daha aktualdır, çünki bu qədər köklü texniki dəyişikliklər uzun müddətdir ki, olmayıb. Məhz buna görə də intriqa daha güclüdür və qarşıdakı 11 ayda bizi nələrin gözlədiyi barədə düşünmək üçün kifayət qədər əsas var. Düşünməyi Barselonasa qapalı rejimdə keçiriləcək ilk testlərdən başlayacağıq.
Çempionatın rəsmi saytı üçün yazan Kris Medland qarşıdakı mövsümlə bağlı əsas gözləntiləri ümumiləşdirib və nəticədə həm avtoidman mediasını, həm də azarkeşləri səbirsizlik içində saxlayan yeddi əsas mövzu formalaşıb.
1. Yeni qaydalar
Formula 1-i təsadüfi izləyən biri olsanız da, ya da bu idmana bütün boş vaxtınızı ayırsanız da, yəqin ki, artıq bilirsiniz: 2026-cı ildən etibarən yeni reqlament qüvvəyə minir.
Bu, həm şassi, həm də güc qurğularının tam yenidən işlənməsi deməkdir. Avtomobillər daha yığcam və yüngül olacaq, son illərdə əsas rol oynayan ground-effect (altlıqdan yaranan asfaltayatma qüvvəsi) artıq prioritet sayılmayacaq. Bunun əvəzində aktiv aerodinamika tətbiq olunacaq. Ön və arxa qanadların konfiqurasiyası maşının trasdakı mövqeyindən asılı olaraq dəyişəcək. Bu isə konstruksiya baxımından tamamilə yeni fəlsəfə tələb edir.
Güc qurğuları da 2014-cü ildən bəri ən böyük dəyişiklikləri yaşayacaq. 1,6 litrlik turbomühərrikli V6 saxlanılacaq. Daxiliyanma mühərriki ilə elektrik enerjisi arasında təxminən 50/50 balans təmin olunacaq. Çətin və ağır MGU-H sistemi ləğv ediləcək, mühərriklər isə 100 faiz sintetik yanacaqla işləyəcək.
Əyləcləmə zamanı bərpa olunan enerjinin həcmi artırılacaq və bu enerji pilotlar tərəfindən daha yaradıcı şəkildə istifadə oluna biləcək. Bundan başqa, öndə gedən rəqibdən bir saniyə məsafədə olan maşın üçün əlavə sürətlənmə verən və əl ilə idarə olunan xüsusi rejim də nəzərdə tutulub. Bu mahiyyət etibarilə DRS-in yeni forması kimidir.
Bütün bunlar pilotlar üçün tamamilə yeni çağırışlar yaradır və onların tras üzərində fərqlənməsi üçün əlavə imkanlar açır. Ənənəvi olaraq yeni reqlamentlər çox vaxt qüvvələr balansının dəyişməsinə də səbəb olur.
2. Startda dörd dünya çempionu
Son dörd ildə ilk dəfə olaraq start düzülüşündə dörd dünya çempionu yer alacaq. Lando Norris 2025-ci ildə titul qazanaraq, Lyuis Həmilton, Maks Ferstappen və Fernando Alonsoya qoşulub və titul qazanmış pilotlardan ibarət kvarteti tamamlayıb. Bu dörd sürücü birlikdə 14 dünya çempionluğu qazanıb.
Bu elit kluba daxil olduqdan sonra Norris dəyişəcəkmi? McLaren pilotu etiraf edir ki, keçmişdə bəzən titul qazana biləcəyinə şübhə edib. Amma indi o, avtomobilində əfsanəvi 1 nömrə ilə çıxış edəcək və artıq hamının məğlub etmək istədiyi şəxs olacaq.
3. Potensial olaraq çox maraqlı pilot bazarı
2025 və 2026-cı il mövsümləri arasında heyətlərdə ciddi dəyişikliklər olmayıb, çünki əksər pilotların müqavilələri yeni reqlament dövrünü əhatə edib. Red Bull və Racing Bulls qismən yenilənmiş heyətlə çıxış edəcək, Cadillac isə pelotona iki tam yeni yer əlavə edəcək. Amma mövsüm ərzində vəziyyət xeyli canlana bilər.
Bir sıra pilotların müqavilələri 2026-cı ilin sonunda bitir və ya həmin dövrdə aktivləşən maddələrə malikdir. Əsas fiqurlardan biri Maks Ferstappen sayılır: 2025-ci ildə onun gələcəyi ilə bağlı çoxlu söz-söhbətlər olub, hərçənd o, Red Bull-da ən azı bir il də qalacağını bildirib. Yeni maşının rəqabət qabiliyyəti onun gələcək qərarlarında həlledici rol oynaya bilər.
Mercedes uzun müddət heyətini təsdiqləməsə də, Corc Rassell və Kimi Antonellinin 2026-da çıxış edəcəyini açıqlayıb. Aston Martin-də isə iki yerin boşalması ehtimalı var və bu yerlər bazarda olduqca cəlbedici görünür.
Pelotondakı yerlərin dörddə üçü dedi-qodular üçün mövzu ola bilər və bu da istər-istəməz intriqanı artırır.
4. Madriddə yeni yarış
2012-ci ildən sonra yenidən İspaniyada iki fərqli şəhərdə yarış keçiriləcək. Barselona 2026-cı ilin təqvimində “Barselona–Kataloniya Qran Prisi” adı ilə qalır, Madrid isə rəsmi olaraq İspaniya Qran Prisini qəbul edir.
Yeni tras şəhər tipli çətinlikləri yüksək sürətli hissələrlə birləşdirəcək. Xüsusilə La Monumental adlı döngə diqqəti cəlb edir: 24 faiz bankinqə malik olan bu döngə yarım kilometrlik hissəni əhatə edir və ətrafı tam tribunalarla əhatə olunub. Madring trası IFEMA Madrid sərgi mərkəzinin ətrafındakı ictimai yollarla daimi hissələri birləşdirir və ciddi yüksəklik fərqlərinə malikdir.
Tamamilə yeni olan traslar pilotların əvvəlcədən heç bir təcrübəsinin olmaması səbəbindən həmişə əlavə həyəcan yaradır.
5. Böyük yeni iştirakçılar
Sentyabrda Madriddə yarışa çatmamış, bir neçə mühüm debüt baş verəcək. Start düzülüşü 22 maşına qədər genişlənir və yeni tərəfdaşlıqlar qüvvəyə minir.
Komandalar sırasında yeni ad isə Cadillac olacaq. ABŞ şirkəti İndianapolis, Şarlott və Silverstounda bazalara malikdir, lakin paralel olaraq tam infrastruktur qurmalı olacaq. Cadillac yeni ad olsa da, iki tanış pilotla – Serxio Peres və Valtteri Bottasla çıxış edəcək. Komandaya Qrem Laudon rəhbərlik edir, icraçı direktor isə Den Taurissdir.
Bundan əlavə, Ford Red Bull Powertrains ilə əməkdaşlığa başlayır və batareya texnologiyaları sahəsində təcrübəsini bölüşür. Bu, Red Bull-un ilk dəfə güc qurğusu istehsalçısına çevrildiyi dövrdə baş verir.
Onlar tək deyil: Audi də Sauber üzərində nəzarəti ələ alaraq, 2026-cı ildə debüt edir və bir neçə il ərzində tamhüquqlu istehsalçı olmağa hazırlaşır. Alman nəhəngi layihənin başlanmasından beş il sonra titul uğrunda mübarizə aparmağı hədəfləyir.
6. Aston Martin və Honda ittifaqı
Yeni komandalarla yanaşı, mövcud brendlər arasında yeni əməkdaşlıqlar da maraq doğurur. Honda 2021-ci ildə idmandan rəsmi olaraq ayrılsa da, Red Bull-u dəstəkləməyə davam edib. Yeni reqlamentlə birlikdə isə Aston Martin ilə tamhüquqlu istehsalçı kimi qayıdır.
Honda-nın son dövrdəki uğurlarını və Ədrian Nyuinin Aston Martin-ə keçidini nəzərə alsaq, bu tandem olduqca təhlükəli görünür. Nyui artıq komandanın əsas fiqurlarından biridir, Aston Martin isə müasir bazaya və güclü tərəfdaşlara malikdir.
Əgər Nyui və Honda yenidən möcüzə yarada bilsə, 45 yaşlı Fernando Alonso üçün üçüncü dünya çempionluğu real hədəfə çevrilə bilər.
7. Lindblad və Hadjar
2026-cı ildə diqqət yetiriləsi yeni bir debütantımız da var.
Arvid Lindblad Racing Bulls-da yarışacaq. 2022-ci ildə hələ kartinqdə çıxış edən pilot junior seriyalarda qısa müddətdə sürətlə yüksəlib. Formula 3-də debüt mövsümünü dördüncü, Formula 2-də isə altıncı pillədə başa vurub. Formula Regional Oceania seriasında qazandığı çempionluq ona Superlisenziya qazandırıb və Liam Louson ilə eyni komamdasa yarışmaq imkanı yaradıb.
Britaniya–İsveç mənşəli (həmçinin hind kökləri olan) Lindblad RB komandasında Ayzek Hacarı əvəz edəcək. Hacar isə Red Bull-da Maks Ferstappenin komanda yoldaşı olmağa hazırlaşır.
Zandfortda podiumla yadda qalan və güclü debüt mövsümü keçirən Hacarın dördqat dünya çempionu ilə yan-yana çıxışı qarşıdakı mövsümün ən maraqlı süjet xətlərindən biri olacaq və bu, 12 ay ərzində yeni pilot dəyişikliklərinə də yol aça bilər.




Şərh əlavə et