21 yaşlı Oliver Göte Formula 2-də MP Motorsport komandasında çıxış edir, lakin almaniyalı sürücü mövsümü 15-ci yerdə başa vurub. Onun ən yaxşı nəticələri şənbə sprint yarışlarında qazandığı iki dördüncü yer olub. Buna baxmayaraq, o, növbəti mövsüm üçün də Niderland komandasında qalmağı bacarıb.
MP Motorsport-un Formula 3-də çıxış edən Tim Tramniç də Red Bull ilə əməkdaşlığı davam etdirə bilməyəcək. O, çempionatda 4-cü yeri tutsa da, əvvəlcədən ona xəbərdarlıq edilib ki, əgər 2026-cı il mövsümü üçün F3 və ya F2 komandalarından birində yer tapa bilməsə, onunla yollar ayrılacaq.
GPBlog.com-un məlumatına görə, Tramniç sponsorların maliyyə dəstəyini təmin edə bilməyib və bu da onun gənclər seriyalarında karyerasını davam etdirməsinə imkan verməyib. Nəticədə Red Bull-un rəhbərliyi əvvəlcədən planlaşdırdığı addımı atıb.
Beləliklə, Formula 2-də Red Bull proqramının iştirakçılarından yalnız istedadlı və sürətli Nikola Tsolov qalıb. Formula 3-də isə Red Bull-un nisbətən perspektivli üç gənc pilotu debüt edəcək – 17 yaşlı Mattia Kolnagi (İtaliya), 17 yaşlı Ernesto Rivera (Meksika) və 18 yaşlı Fionn Maklaflin (İrlandiya).
Red Bull-un yarış akademiyası təkcə ən uğurlu məzunlarının nailiyyətləri ilə deyil, həm də kadrların hazırlanmasına sərt yanaşması ilə tanınıb. Bu proqramın yaxın vaxta qədər rəhbəri olmuş Helmut Marko gənc pilotları daim ciddi nəzarətdə saxlayıb.
Bu yaxınlarda Antoniu Feliks da Koştanın xatirələrini dərc etmişdik və o, bu barədə kifayət qədər danışıb. Ümumiyyətlə isə idmanda sentimentallığa yer yoxdur: əgər gənc pilot stabil şəkildə yaxşı nəticələr göstərirsə, Red Bull onu Formula 1-ə qədər aparmağa qadirdir və bunun nümunələri də az olmayıb.




Şərh əlavə et