Xəbəri Kokpitdə Oxuyun!

Ferrari yeni reqlamentə kompakt formada hazırlaşır

Ferrari, 2026-cı il Formula 1 mövsümünə avtomobillə tam inteqrasiya olunmuş şəkildə hazırlanmış yeni güc qurğusu ilə daxil olmağa hazırlaşır.

Enriko Qualtyerinin rəhbərlik etdiyi mühərrik bölməsi ilə Loik Serranın şassi şöbəsi arasında qurulan sıx əməkdaşlıq Ferrari-nin 2026-cı il layihəsində əsas rol oynayıb. Güc qurğusu aerodinamik şöbəyə daha az müqavimətli və daha radikal həllər tətbiq etməyə imkan verəcək şəkildə dizayn olunub.

Dieqo Tondi və Frank Sançesin rəhbərlik etdiyi aerodinamika komandası üçün daha kompakt paket yaradılıb. Avtomobildə daha kiçik radiatorlardan istifadə olunub, batareya sistemi isə həm daha yüngül, həm də daha kompakt formada yenidən layihələndirilib. Bu yanaşma gövdə formasının daha axıcı və aerodinamik baxımdan səmərəli olmasına şərait yaradıb.

Frederik Vassyörün idarə etdiyi texniki komanda SF-25 üzərində inkişaf işlərinin aprel ayında dayandırıb və bu halın 2026-cı il  mövsümü üçün real dividendlər verəcəyinə ümid edir. Ferrari zəif keçən mövsüm ərzində əsasən səssiz qalıb, lakin Mercedes və Red Bull-un sıxılma nisbətini 16:1-dən 18:1-ə yüksəltməyə imkan verən texniki həllindən sonra FIA-dan rəsmi izahat tələb edib.

Bütün etirazlara baxmayaraq, FIA bu yanaşmanı qaydalara uyğun hesab edib. Sözügedən sistemin təxminən 13 at gücü qazancı verdiyi, bunun isə hər dövrədə 0,25–0,40 saniyə aralığında üstünlük yarada biləcəyi bildirilib.

Ferrari bu fərqi aradan qaldırmaq üçün silindr qapağında köklü dəyişiklik etməyi nəzərdən keçirir. İlkin olaraq alüminiumdan hazırlanan bu komponentin polad ərintisi ilə əvəz olunması planlaşdırılır. Davide Mazzoninin rəhbərlik etdiyi mühərrik qrupu etibarlılıq problemlərini həll etsə, mövsümü dörd daxiliyanma mühərriki ilə başa vuracaq bir struktur qurmaq mümkündür.

Polad alüminiumdan daha ağır olsa da, mühərriyin daha yüksək təzyiq və temperatur şəraitində stabil işləməsinə imkan verir. 2026-cı il texniki qaydalarına əsasən güc qurğularının çəkisi 30 kiloqram artaraq, 150 kiloqrama çatacağı üçün, termal üstünlüklər həlledici faktora çevrilə bilər.

Guido Di Paolanın daxiliyanma mühərriyi layihəsində daha aktiv rol alması da diqqət çəkib. Renault və Mercedes-dən Maranelloya cəlb olunan yeni mütəxəssislərlə birlikdə, Ferrari-də daha kompakt, aerodinamikaya fokuslanan yeni mühəndislik strukturu formalaşdırılıb.

Rauf Hacıyev

Şərh əlavə et