Həmiltonun Mercedes-dən ayrılıb Ferrari-yə keçidini sadəcə “səhv” kimi qiymətləndirmək, o dövrdə bu qərara gətirib çıxaran güclü səbəbləri görməzdən gəlmək olardı. Bu addımın mərkəzində 2021-ci il Abu-Dabi Qran Prisindən qalan xatirələrdən uzaqlaşmaq və Mercedes-də son illərin məyusluqlarını geridə qoymaq istəyi dayanırdı.
Bu qərar karyerasının son mərhələsində fərqli bir mühit yaşamaq və Formula 1-dən ayrılmadan əvvəl idmanın ən simvolik komandalarından biri olan Ferrari-də çıxış etmək arzusunun nəticəsi olub. Onu sevənlər də, sevməyənlər də qəbul edirdi ki, karyerasının sonuna yaxınlaşan bir idmançının ürəyinin səsinə qulaq asmasında müəyyən romantika var.
Ancaq hadisələr planlaşdırıldığı kimi inkişaf etmədi. Üstəlik ironik şəkildə, Həmiltonun Mercedes-də üzləşdiyi əsas problemlər Ferrari-də də qarşısına çıxdı. Mövsümə konstruktiv qüsurları olan, səhv konsepsiya ilə hazırlanmış avtomobillə başlanması SF-25-i elə ilk gündən çətin vəziyyətə salmışdı.
Eyni problemlər iki fərqli komandada ortaya çıxanda, günahın pilotda olduğu fikri daha da güclənib. Sanki problemlər Həmiltonla birlikdə komandadan komandaya daşınıbmış kimi görüntü yaranıb və bu da müzakirələri alovlandırıb. Halbuki onun Ferrari-yə imza atmasının arxasında təkcə rəqabət amili dayanmayıb. Bu səbəbdən qərarı yalnız tras üzərindəki nəticələrə baxaraq dəyərləndirmək, motivasiyasının mühüm bir hissəsini nəzərdən qaçırmaq deməkdir.
Bu baxımdan, bəlkə də Həmilton verdiyi qərardan şəxsi mənada peşman deyil. Lakin söhbət rəqabətdən və çox arzuladığı səkkizinci dünya çempionluğundan gedəndə mənzərə xeyli mürəkkəbləşir. 2022 və 2023-cü illərdə ardıcıl qələbəsiz mövsümlərdən sonra Mercedes-dən ayrılmaq bu gün geriyə baxıldıqda tələsik və emosional bir refleks kimi görünür. Xüsusilə də 2026-cı il qaydalarının vəd etdiyi böyük “sıfırlanma” ərəfəsində…
Ferrari-nin yeni texniki reqlamentləri ideal şəkildə tutdurması mümkündür. Ancaq padokda dolaşan güclü söz-söhbətlər Mercedes-in 2026-cı il hazırlıqlarında əksər rəqibinlərindən öndə olduğunu göstərib. Həmilton mövsüm ərzində Ferrari karyerasını müsbət notla bitirmək əzmindən danışıb və Fernando Alonso ilə Sebastyan Fettelin — Ferrari-də çempion ola bilməyən dünya çempionlarının — sırasına qoşulmaq istəmədiyini vurğulayıb.
Lakin əsas fərq ondadır ki, Alonso və Fettel Ferrari-yə gəldikdə güclü başlanğıclar ediblər. Həmilton isə SF-25 təqdim edilən andan etibarən davamlı problemlərlə üzləşib və qısa müddətdə tükənmişlik həddinə çatıb. Pilotla komandanın hələ ilk mövsüm bitməmiş bir-birindən bezmiş kimi görünməsi bu münasibətin xilas edilə biləcəyinə ciddi ümid yaratmır.
Bəlkə də əsas səhv Həmiltonun 40 yaşına yaxınlaşarkən səkkizinci dünya çempionluğu şansının faktiki olaraq 2021-ci ilin Abu-Dabi yarışında sona çatdığını qəbul etməməsi olub. Əgər bu reallıqla daha tez barışsaydı, bugünkü tablo həm onun, həm də azarkeşlər üçün daha asan qəbul edilə bilərdi.
İndi isə onu gözləyən ən pis ssenari budur: tərk etdiyi Mercedes-in Corc Rassell ilə birlikdə 2026-cı ildə dünya çempionluğuna doğru irəlilədiyini izləmək. Məhz bu hal Həmilton üçün son və ən ağır zərbə ola bilər.




Şərh əlavə et