2026-cı il Formula 1 mövsümü yaxınlaşdıqca, yeni güc qurğuları hələ trasda sınaqdan keçirilməmiş paddokda gərginlik pik həddə çatıb. Mercedes və Red Bull Powertrains-in altı silindrli mühərriklərdə tətbiq etdiyi bir həll yolu rəqib istehsalçıları FIA ilə üz-üzə qoyub və yeni mühərrik reqlamentlərinin nə dərəcədə sərt icra olunacağı müzakirə mövzusuna çevrilib.
Məlumata görə, Mercedes-in Breklidə hazırladığı mühərritin yanma kamerası dizaynı əvvəlcədən FIA-ya təqdim edilib və soyuq ölçmələr zamanı qaydalara uyğun olaraq, 16:1 sıxılma nisbəti göstərib. Lakin mühərrik iş temperaturuna çatdıqdan sonra bu göstəricinin 18:1 səviyyəsinə yüksələ bildiyi iddia olunub. Bu rəqəm 2025-cı il mühərriklərinin limitinə tam uyğun gəlib və təxminən 10 at gücü həcmində performans artımı göstərib.
FIA-nın mövcud mövqeyi aydın olaraq qalır: ölçmələr mühit temperaturunda aparıldığı müddətdə mühərriklər qanuni hesab edilir. Statik testlərdə elastik olmayan, lakin tras üzərində ciddi şəkildə deformasiyaya uğrayan elastik qanadlarda olduğu kimi, bu həll də yoxlama prosedurlarından keçib. Ferrari, Honda və Audi isə bu yanaşmanın Texniki Reqlamentin 1.5-ci maddəsinə zidd olduğunu müdafiə edib. Həmin maddədə avtomobillərin yarış həftəsonunun istənilən anında qaydalara tam uyğun olmasının tələb edildiyi açıq şəkildə göstərilib.
Müzakirə təkcə güc fərqi ilə məhdudlaşmayıb. FIA 2026-cı il mövsümündə hər altı yarışdan bir daxiliyanma mühərriklərinin performansını ölçməyi planlaşdırıb. Əgər ən güclü mühərriklə digərləri arasında 2 faizlik fərq yaranarsa, geridə qalan istehsalçılara əlavə inkişaf hüququ veriləcək, fərq 4 faizi keçərsə, bu haqq iki yeniləməyə qədər artırıla biləcək.
Əsas kritik məqam isə ondadır ki, Honda, Ferrari və Audi 2027-ci ildən əvvəl mövcud mühərrik arxitekturası ilə yanma kamerasında köklü dəyişiklik etməyi demək olar ki, mümkünsüz hesab edib. Bununla belə, mühərriklər hələ tam təsdiqlənmədiyi üçün ilk yarışa qədər məhdud da olsa əks-hücum variantlarının gündəmdə qaldığı bildirilib.
Bəzi istehsalçıların ənənəvi tökmə üsullarından imtina edərək metal qatqılı istehsal (3D çap) texnologiyasına keçdiyi vurğulanıb. Bu metod mürəkkəb həndəsəyə malik detalların qısa müddətdə hazırlanmasına imkan verib və Mercedes ilə Red Bull-un yolunu izləyərək performans fərqinin qismən bağlana biləcəyi ehtimalını yaradıb.
Lakin hər texniki dəyişiklik etibarlılıq riskini də özü ilə gətirir. Mühərriklərin ən azı altı yarışlıq resursla test edildiyi nəzərə alındıqda, yanma kamerasında ediləcək hər hansı reviziya bütün sınaq prosesini sıfırlaya biləcək. Eyni zamanda bu cür müdaxilələrin istehsalçıların büdcə limitinə təsir göstərəcəyi də bildirilib.
Bu səbəbdən bəzi markaların Mayami Qran Prisində keçiriləcək ilk performans qiymətləndirməsini gözlədiyi, digərlərinin isə vaxt itirmədən daha aqressiv inkişaf yoluna çıxa biləcəyi qeyd olunub. Paddokda artıq “ikinci yanma kamerası” adlandırılan radikal həllərdən də danışılmağa başlanıb.
Gərginliyin yalnız mühərriklərlə məhdudlaşmaya biləcəyi də vurğulanıb. FIA-nın xüsusilə sərt nəzarətdə saxlamaq istədiyi 2026-cı il aerodinamikasında da bəzi komandaların ön qanad və saydpod ətrafında havanı kənara yönləndirmə effektini geri qaytarmağa çalışan həllər üzərində işlədiyi iddia olunub. Bu yanaşma performansı artırsa da, avtomobillərin arxasında daha çox çirkli hava yaradaraq, ötmələri çətinləşdirə bilər.
Eyni zamanda bəzi istehsalçıların mövsüm ərzində hər yarışda Mercedes və Red Bull mühərriklərinə qarşı rəsmi etiraz təqdim etməyi planlaşdırdığı bildirilir. Brekli tərəfi isə olduqca rahat görünür. Mercedes-in bütün mühərrik inkişaf mərhələlərini FIA-ya detallı şəkildə təqdim etdiyi və hər addımda təsdiq aldığı qeyd edilib.
Bununla belə, Formula 1 tarixi bu mövzuda xəbərdaredici nümunələrlə zəngin olub. 2020-ci ildə Racing Point FIA-dan rəsmi təsdiq almasına baxmayaraq, Renault-nun etirazımdan sonra cəzalandırılıb. Bu isə verilmiş təsdiqlərin gələcəkdə geri çəkilə biləcəyini açıq şəkildə göstərir.




Şərh əlavə et