Xəbəri Kokpitdə Oxuyun!

Mercedes-i böhran gözləyir?

Mercedes-in 2026-cı il mühərriyində tətbiq etdiyi sıxılma nisbəti digər istehsalçıların etirazlarından sonra FIA-da müzakirəyə çıxarılıb və Avstraliya Qran-prisinə qədər ortaq məxrəsəcin tapılması hədəflənir.

Formula 1-də 2026-cı il reqlamenti hələ trasda tətbiq olunmadığı halda, artıq mübahisə başlayıb. Honda, Ferrari və Audi-nin FIA-ya müraciətindən sonra Mercedes-in 2026-cı il güc qurğusunun qanuniliyi sual altına düşüb.

İddialara görə, Mercedes-in mühərriyi soyuq vəziyyətdə aparılan FIA yoxlamaları zamanı 16:1 sıxılma limitinə uyğun olub, lakin mühərrik iş temperaturuna çatdıqda sıxılma nisbətini faktiki olaraq 18:1 səviyyəsinə qədər yüksəldə bilib.

Mercedes tərəfi indiyədək mövqeyini açıq şəkildə ifadə etməyib və hazırlanan həllin FIA-nın müəyyən etdiyi ölçmə prosedurlarına tam uyğun olduğunu düşünür. Lakin rəqib istehsalçılar bu yanaşmanın Texniki Reqlamentin 1.5-ci maddəsini pozduğunu iddia edib. Həmin maddədə avtomobillərin yarış həftəsonunun istənilən anında qaydalara tam uyğun olmalı olduğu açıq şəkildə göstərilib. Mübahisənin əsas nöqtəsi isə sistemin texniki yoxlamalardan keçsə belə, qaydaların ruhuna zidd olub-olmaması məsələsidir.

Ən böyük risk isə mövzunun Avstraliyadakı ilk yarışda rəsmi etiraza çevrilə bilməsi ehtimalıdır. Belə ssenari baş verərsə, Mercedes-lə yanaşı McLaren, Williams və Alpine komandalarının da yarışdan kənar qalması riski yaranıb.

Yeni qaydaların tətbiq olunduğu mövsümə bu miqyasda böhranla start verilməsinin Formula 1 üçün ciddi imic problemi yaradacağı düşünülür. Məhz bu səbəbdən məsələ Milad bayramı öncəsi gündəmə gətirilib və Mercedes-ə alternativ həll üzərində işləmək üçün vaxt verilib.

Pərdə arxasında danışılan ən güclü ehtimala görə, Mercedes piston başlığında kiçik texniki dəyişiklik etməyə hazırlaşır. Yanma kamerasının həcminin yüksək temperaturda da qaydalara uyğun qalmasını təmin edəcək bu addımın, az da olsa güc itkisinə səbəb olacağı bildirilir.

Bununla yanaşı, Mercedes-in bu sistemlə 15 at gücü qazandığı barədə yayılan məlumatların şişirdilmiş olduğunu düşünənlər də var.

Bu texniki həllin rəqiblər tərəfindən üzə çıxmasının səbəbi kimi son aylarda baş verən mühəndis transferləri göstərilib.  Mercedes mühərrik şöbəsindən bəzi mühəndislərin, xüsusilə Red Bull Powertrains-ə keçməsi ilə bu konsepsiyanın məlum olduğu vurğulanıb. Hətta Red Bull-un öz mühərriyini inkişaf etdirərkən Mercedes-in yanaşmasından ilham aldığı da iddia edilib.

Son günlərdə mübahisənin fərqli istiqamətə yönəldiyi barədə məlumatlar da yayılıb. Metal genişlənməsi və xüsusi materiallardan istifadə Formula 1 mühərrik istehsalçıları üçün yeni anlayış olmayıb və hamıya məlum tətbiqlər hesab olunur. Əsas problemin isə temperaturdan asılı olmayan, sırf geometrik həllə əsaslanan bir yanaşma olduğu irəli sürülüb.

Hazırda bütün diqqətlər FIA-nın texniki direktoru Co Bauer və onun komandasına yönəlib. Ən real ssenari tərəflər arasında kompromis əldə olunması kimi dəyərləndirilib. Variantlardan biri, Mercedes və Red Bull Powertrains-in soyuq ölçümlərdə sıxılma nisbətini bir qədər azaltması və beləliklə isti şəraitdə də limit daxilində qalması olub.

Lakin Mercedes-in geri addım atmaması halında, bunun uzunmüddətli və sərt hüquqi prosesə yol aça biləcəyi, eləcə də digər istehsalçıların da limitləri sona qədər sıxan həllər üzərində işləməsinə zəmin yarada biləcəyi qeyd edilib.

Beləliklə, 2026-cı il mövsümü başlamamışdan əvvəl Formula 1-in yeni dövrü artıq texniki güc mübarizəsinin kölgəsində formalaşır.

Rauf Hacıyev

Şərh əlavə et