Apple bir neçə ay əvvəl təqdim etdiyi iPhone 17 seriyası ilə birlikdə Plus modelini istehsaldan çıxararaq iPhone Air adlanan tamamilə yeni modeli təqdim etmişdi. Cəmi 5,6 mm qalınlığı ilə tarixdəki ən nazik iPhone kimi satışa çıxan bu model, ultra nazik dizayn naminə bəzi texniki xüsusiyyətlərdən imtina etməli olmuşdu. Xüsusilə kamera imkanlarının məhdudlaşdırılması istifadəçilərin narazılığına səbəb olub və nəticədə cihazın satış göstəriciləri gözlənilən səviyyədə olmayıb. Hətta istehsal həcminin əhəmiyyətli dərəcədə azaldıldığı da iddia edilib.
iPhone Air ətrafında müzakirələr davam edərkən, yeni dedi-qodu çıxıb. Etibarlı mənbələrindən biri olan The Information, iPhone Air modelinin ikinci nəsli ilə bağlı yeni məlumatlar paylaşıb. Bildirilir ki, Apple şirkəti iPhone Air 2-də iki əsas dəyişiklik edərək, modelin populyarlığını artırmağı planlaşdırır.
İkinci kamera əlavə olunacaq
Bu dəyişikliklərdən birincisi kamera sisteminə aiddir. iPhone Air modelinin ən çox tənqid edilən tərəfi, yüksək qiymətinə baxmayaraq yalnız 48 MP-lik tək kamera ilə təchiz olunmasıdır. Bu isə bir iPhone-dan gözlənilən kamera performansını tam təmin etmir. Yeni iddialara görə Apple, ikinci nəsildə cihaza ikinci kamera əlavə etməyi planlaşdırır. Mövcud kamerada telefoto imkanları olduğu üçün yeni kameranın ultra geniş bucaqlı obyektiv olacağı ehtimal edilir.
Qiymətdə endirim gözlənilir
İkinci əsas yenilik isə qiymət ilə bağlıdır. iPhone Air modeli ABŞ bazarında 999 dollar, Azərbaycanda isə 2919 azn qiymətlə satışa çıxarılıb. The Information-ın məlumatına görə Apple, iPhone Air 2-də qiyməti aşağı salmağa çalışacaq. Beləliklə, yeni model daha yaxşı texniki göstəricilərlə yanaşı, daha əlçatan qiymətə təqdim edilə bilər.
Hazırda mövcud olan məlumatlar bununla məhdudlaşıb. Lakin iddialar təsdiqlənsə, daha aşağı qiymət, təkmilləşdirilmiş kamera və yeni xüsusiyyətlər iPhone Air 2-nin satışlarına ciddi müsbət təsir göstərə və istifadəçilərin marağını artıra bilər. Hadisələrin necə cərəyan edəcəyi isə zamanla bəlli olacaq.




Şərh əlavə et