Xəbəri Kokpitdə Oxuyun!

Qatlanan iPhone DUO təqdim olunub

Apple sentyabrın 9-da keçirdiyi “Surprise and Shine” təqdimat tədbirində uzun illərdir gözlənilən ilk qatlanan iPhone modelini rəsmi olaraq təqdim edib. iPhone Duo adı ilə təqdim olunan cihaz şirkətin iPhone ailəsində tamamilə yeni forma faktorunun başlanğıcını qoyur. Bəs iPhone Duo hansı xüsusiyyətlərə malikdir və qiyməti nə qədərdir?

Kitab kimi qatlanan iPhone Duo qapalı vəziyyətdə ənənəvi smartfon, açıldıqda isə daha böyük, planşetə bənzər ekran təcrübəsi təqdim edir. Apple cihazı mümkün qədər nazik saxlamağa çalışıb. Bununla yanaşı, ekranın qatlanma izi, biometrik identifikasiya və kamera sistemi kimi sahələrdə mühüm yeniliklərə yer verilib.

Ekran və dizayn

iPhone Duo xarici hissədə 5,4 düymlük OLED ekran, daxili hissədə isə 7,6 düymlük qatlanan OLED ekranla təchiz olunub. Daxili ekran Apple-ın ProMotion texnologiyasını dəstəkləyir və 120 Hz-ə qədər dəyişən yenilənmə tezliyi təqdim edir. Açıldıqda təxminən 4:3 nisbətinə yaxınlaşan geniş ekran iPhone Duo-ya klassik smartfonlardan fərqli istifadə təcrübəsi qazandırır. Cihaz titan çərçivəyə də malikdir.

Apple-ın iOS 27-ni qatlanan ekran quruluşuna uyğunlaşdırması ilə istifadəçilər iki tətbiqi yan-yana işlədə, daha geniş interfeyslərdən yararlana və çoxsaylı tapşırıq imkanlarından istifadə edə biləcəklər. Şirkət qatlanma izini mümkün qədər azaltmaq üçün xüsusi ekran və petlə quruluşundan istifadə edib.

Telefonun ən diqqətçəkən dizayn xüsusiyyətlərindən biri də korpusun qalınlığıdır. iPhone Duo açıq vəziyyətdə 4,5-4,8 mm qalınlığa malikdir. Qapalı vəziyyətdə isə bu göstərici 9,0-9,6 mm-ə çatır. Cihazın açıq ölçüləri 120,6 x 167,6 x 4,5 mm, qapalı ölçüləri isə 120,6 x 83,8 x 9,0-9,6 mm təşkil edir. Çəkisi 229-240 qram arasında dəyişir.

  • 5,4 düymlük OLED xarici ekran
  • 7,6 düymlük OLED daxili ekran, 4:3 nisbət, ProMotion, 120 Hz
  • Açıq vəziyyətdə: 120,6 x 167,6 x 4,5-4,8 mm
  • Qapalı vəziyyətdə: 120,6 x 83,8 x 9,0-9,6 mm

iPhone Duo ilə birlikdə iOS 27-nin qatlanan ekran quruluşuna uyğunlaşdırılması da mühüm dəyişikliklərdən biridir. İstifadəçilər böyük daxili ekranda iki tətbiqi yan-yana işlədə, tətbiqlərdən daha geniş sahədə istifadə edə və iPad-ə bənzər çoxsaylı tapşırıq imkanlarından yararlana biləcəklər. Bu quruluş xüsusilə Safari, Mesajlar, Mail və məhsuldarlıq tətbiqlərində daha geniş iş sahəsi təmin edəcək.

Touch ID və A20 Pro

iPhone Duo-nun nazik korpusu səbəbindən Apple Pro modellərində istifadə etdiyi Face ID sistemindən fərqli biometrik identifikasiya həllinə keçib. Cihazda Touch ID güc düyməsinə inteqrasiya olunub.

Apple-ın Face ID komponentlərini qatlanan korpus daxilində kifayət qədər nazik şəkildə yerləşdirməkdə çətinlik çəkdiyi və cihazın açıq vəziyyətdə təxminən 4,5 mm qalınlığa malik olması səbəbindən Touch ID-yə üstünlük verdiyi bildirilir.

Səs səviyyəsi düymələri cihazın yuxarı hissəsində yerləşdirilib. Yan tərəfdəki Touch ID dəstəkli güc düyməsi isə telefonun kilidini açmaq və istifadəçini biometrik şəkildə təsdiqləmək üçün istifadə olunur.

iPhone Duo-nun mərkəzində Apple-ın yeni A20 Pro prosessoru dayanır. TSMC-nin 2 nanometrlik istehsal prosesi ilə hazırlanan prosessordan iPhone 18 Pro və iPhone 18 Pro Max modellərində də istifadə olunur.

A20 Pro-nun A19 Pro ilə müqayisədə təxminən 18 faiz daha sürətli və 30 faizə qədər daha səmərəli olduğu bildirilir. Prosessor 7 nüvəli GPU, daha geniş yaddaş interfeysi və səmərəlilik nüvələri üçün daha böyük L2 keş yaddaşına malikdir.

Qatlanan iPhone-da 12 GB RAM olacaq. Yaddaş seçimləri isə 256 GB, 512 GB, 1 TB və 2 TB təşkil edir.

48 MP-lik ikili kamera

iPhone Duo Apple-ın Pro modellərindən fərqli olaraq ikili arxa kamera sistemi ilə təqdim olunur. Sistem 48 MP əsas kamera və 48 MP ultra geniş bucaqlı kameradan ibarətdir. Ön tərəfdə isə 12 MP kamera yerləşir.

iPhone Duo MagSafe dəstəyinə də malikdir. Bu sayədə qatlanan iPhone Apple-ın mövcud MagSafe aksesuar ekosistemi ilə uyğun işləyəcək.

Cihazın hər iki hissəsində bir batareya yerləşdirilib. Onların ümumi tutumunun 5400-5800 mAsaat arasında olduğu bildirilir. Müqayisə üçün iPhone 17 Pro Max modelinin batareya tutumu 5088 mAsaatdır.

iPhone Duo-nun qiyməti

Apple-ın ilk qatlanan iPhone modeli şirkətin indiyədək təqdim etdiyi ən bahalı iPhone-lardan biri olacaq. Cihazın 2 000 dollardan yüksək başlanğıc qiyməti ilə satışa çıxarılması gözlənilir.

iPhone Duo-nun xüsusiyyətləri

  • Xarici ekran: 5,4 düym OLED
  • Daxili ekran: 7,6 düym OLED, ProMotion, 120 Hz
  • Prosessor: Apple A20 Pro, 2 nm
  • RAM: 12 GB
  • Yaddaş: 256 GB / 512 GB / 1 TB / 2 TB
  • Arxa kamera: 48 MP geniş bucaqlı + 48 MP ultra geniş bucaqlı
  • Ön kamera: 12 MP
  • Biometrik identifikasiya: Touch ID
  • Modem: C2 / regiondan asılı olaraq Qualcomm
  • Simsiz enerji doldurma: MagSafe
  • Açıq ölçülər: 120,6 x 167,6 x 4,5-4,8 mm
  • Qapalı ölçülər: 120,6 x 83,8 x 9,0-9,6 mm
  • Çəki: 229-240 qram
  • Rənglər: Ulduz ağ və Gecə səması
  • Əməliyyat sistemi: iOS 27

Rauf Hacıyev

Şərh əlavə et