Xəbəri Kokpitdə Oxuyun!

Mercedes yenə hegemonluq edəcək?

Padokda Mercedes-in 2026-cı il mühərriklərində favorit olacağı barədə fikirlər səslənsə də, texniki qeyri-müəyyənliklər və keçmiş səhvlər bu üstünlüyün sual altında qalmasına səbəb olur.

2026-cı il mövsümü yaxınlaşdıqca Mercedes ətrafında maraq daha da artır. Padokda yayılan söz-söhbətlərə görə alman təmsilçisi yeni texniki qaydalar dövründə ən güclü güc qurğusunu düzəldəcək.

Lakin bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib və 2026-cı ilin qaydalarında təkcə mühərriyin gücü deyil, bütün paketin uyğunluğunun həlledici rol oynayacağı gözlənilir. Brekli mərkəzli komanda altlıq effektinin tətbiq edildiyi dövrdə keçirdiyi zəif dörd mövsümdən sonra yenidən rəqabətədavamlı avtomobil hazırlaya bildiyini sübut etməli olacaq.

2014-cü illə fərq nədir?

Aradan on iki il keçməsinə baxmayaraq, Formula 1 dünyası 2014-cü ildəki mühərrik inqilabını hələ də xatırlayır. Həmin dövrdə yanacaq axını məhdudiyyəti mübarizənin qaydalarını kökündən dəyişmiş və səmərəlilik əsas meyara çevrilmişdi. Mercedes bu dəyişiklikləri hamıdan tez və düzgün oxuyaraq, ön kameralı yanma sistemini inkişaf etdirmiş və rəqiblərini də bu istiqamətə yönləndirmişdi. Hibrid texnologiyada isə, xüsusilə MGU-H sahəsində, o vaxta qədər bənzəri olmayan həllər təqdim etmişdi. Nəticədə Formula 1 tarixinin ən dominant dövrlərindən biri yaşanmışdı.

2026-cı ildə də ciddi dəyişikliklər qüvvəyə minəcək: sintetik yanacaqdan istifadə və elektrik gücünün təxminən üç dəfə artırılacaq. Lakin bu dəfə fərqlərin 2014-cü ildəki qədər böyük olacağı düşünülmür. Mercedes-in güclü mühərriyə sahib olması ilə bağlı iddialar mövcud olsa da, uğurun yalnız at gücü ilə ölçülməyəcəyi vurğulanıb. Çəki paylanması, paketləmə, fırlanma anının xarakteri, soyutma həlləri və xüsusilə enerji idarəetməsinin səmərəliliyi əsas amillər kimi önə çıxacaq.

Toto Volf bu qeyri-müəyyənliyi açıq şəkildə etiraf edib: “Bunu əvvəlcədən demək çətindir. Qarşımıza müəyyən hədəflər qoymuşuq və hazırda onlara uyğun irəliləyirik, lakin bu hədəflərin kifayət qədər iddialı olub-olmadığını və prioritetlərin düzgün seçilib-seçilmədiyini yalnız zaman göstərəcək”.

İkili mübarizə

Dəqiq olan məqam inkişaf prosesinin çox sürətli gedəcəyi və fərqi məhz inkişaf tempinin yaradacağıdır. Mercedes baza komandası daxil olmaqla dörd kollektivi mühərriklə təmin edəcək. Bu isə tras üzərində səkkiz güc qurğusundan böyük həcmdə məlumat axını əldə edilməsinə imkan yaradacaq və xüsusilə etibarlılıq problemlərinin tez aşkar olunmasına kömək edəcək. Digər tərəfdən, bu qədər çox güc qurğusunun istehsalı və yenilənməsi inkişaf sürətini yavaşlada bilər.

Toto Volfun gələcəkdə müştəri komandalarının sayını azaltmaq ideyasını səsləndirməsi təsadüfi deyil.

Mübarizə yalnız digər mühərrik istehsalçıları ilə məhdudlaşmır. Mercedes mühərrikli komandalar arasında, xüsusilə McLaren ciddi rəqib kimi ön plana çıxa bilər. Son Dünya Çempionu güclü texniki heyəti və effektiv soyutma həlləri ilə diqqət çəkir. Bununla yanaşı, Mercedes baza komandası olmağın üstünlünü daşıyır. Mühərrik və şassi layihələrinin ilk gündən paralel inkişaf etdirilməsi inteqrasiya baxımından kiçik, lakin kritik üstünlük yaradacaq. 2026-cı ildə güc, enerji idarəetməsi və aerodinamik səmərəliliyin eyni anda balanslaşdırılması hər zamankından daha vacib olacaq.

Altlıq effektinin mirası

Bütün bu səbəblərə görə Mercedes-in taleyi yalnız mühərriklə məhdudlaşmır. Breklidə hazırlanan avtomobilin də rəqabətədavamlı olması şərt sayılır. Son dörd ildə komanda ön sıralarda qalmağı bacarsa da, peletonun mütləq istinad nöqtəsinə çevrilə bilməyib.

Toto Volf bu dövrü belə yekunlaşdırıb: “Düşünürəm ki, əvvəlcə səhv istiqamətdə idik. Sonra bir problemi həll etməyə çalışarkən başqa problemlər ortaya çıxdı”.

2022-ci ildəki dalğalanma problemi Mercedes-i rəqiblərdən daha çox təsirləndirmişdi. Çox alçaq və sərt işləməsi planlaşdırılan avtomobil simulyasiya səhvləri ilə üst-üstə düşərək ciddi çətinliklər yaratmışdı. 2023-cü ildə isə əks istiqamət seçilib, avtomobil həddindən artıq qaldırılıb və asfaltayatma qüvvəsi itirilmişdi. Müsbət tərəf isə 2026-cl il qaydalarının altlıq effektinə əsaslanan konsepsiya qədər mürəkkəb olmamasıdır.

Buna baxmayaraq, komandanın yeni dövrə düzgün metodologiya və təşkilati yanaşma ilə daxil olduğunu göstərməsi vacib hesab edilir.

2025-dən gələn siqnallar

Son mövsümdə Mercedes qarışıq siqnallar verib. 2024-cü il avtomobili sürətli döngələrdə güclü olub və hamar asfaltlı trasları sevdiyini göstərib. Yeni avtomobil isə daha geniş tras çeşidində daha yaxşı və stabil davranış sərgiləyib. Bununla yanaşı, yüksək sürətli döngələr zəif nöqtəyə çevrilib. İmolada təqdim edilən və Spadan sonra ləğv olunan arxa asılqan yenilənməsi xüsusilə Antonelli üçün döngələrin girişində balanssızlığı artırıb.

Buna baxmayaraq, Mercedes rəqiblərinin səhvlərindən asılı olmadan Mühəndislər Kubokunda ikinci yeri tutmağı bacarıb. Ferrari ilə müqayisədə aerodinamik inkişafı daha uzun müddət davam etdirib və avtomobili təkcə yeniliklərlə deyil, sazlama variantları ilə də irəli aparıb. Məqsəd qaz istifadəsini azaldaraq döngə daxilində dönmə qabiliyyətini yaxşılaşdırmaq olub, çünki həddindən artıq qaz arxa təkərlərin normadan artıq qızmasına səbəb olub.

İndi əsas sual bundan ibarətdir: altlıq effektinin yaratdığı mürəkkəblik olmadan Mercedes son on ilin parlaq dövrünə qayıda biləcəkmi? Corc Rassell dünya çempionluğu üçün real fürsət əldə etmək istəyir, Antonelli isə ilk Formula 1 mövsümündə qazandığı təcrübədən maksimum yararlanmağı hədəfləyir. Hər iki halda əsas prioritet mövsümə düzgün başlanğıc etməkdir, xüsusilə də Briksvord istehsalı mühərrik həqiqətən ən güclü olacaqsa…

Rauf Hacıyev

Şərh əlavə et