Xəbəri Kokpitdə Oxuyun!

Ötmə Rejimi necə işləyəcək?

2026-cı il mövsümündə DRS-ni Ötmə Rejimi əvəz edəcək. Sistemin necə işləyəcəyini maraqlananlar üçün sistemin detallarına daha yaxından baxaq.

2026-cı il mövsümündə istifadə olunacaq terminologiya lüğəti Keçid Rejiminin real iş prinsipini ilk baxışdan tam şəkildə izah etməyib. Təbii ki, yeni nəsil avtomobillər yarışmadan bu sistemin nə dərəcədə uğurlu olacağını demək mümkün deyil. Lakin DRS-ni əvəz edəcək bu mexanizmin kağız üzərində necə işlədiyini daha aydın şəkildə izah etmək mümkün olub.

Qarışıqlığın əsas səbəbi FIA-nın yaydığı aşağıdakı açıqlama olub: “290 km/saat sürətdən sonra öndəki avtomobilin enerji istifadəsi azalarkən, arxadakı avtomobil Keçid Rejimi sayəsində 337 km/saat sürətə qədər 350 kW əlavə gücdən istifadə edə biləcək. Yaranan sürət fərqi ötmələri asanlaşdıracaq”.

Bu ifadə təbii olaraq suallar yaradıb: müdafiə olunan avtomobilin enerjisi doğrudanmı 290 km/saatdan sonra azalır? Eyni düzlükdə iki avtomobil arasında 40 km/saatdan çox sürət fərqi yaranacaqmı?

Cavab birmənalı olub: xeyr. Aylar ərzində əsas narahatlıq məhz uzun düzlükdə sürətlərin 400 km/saat həddinə yaxınlaşma ehtimalı ilə bağlı olub. Bu risk elektrik mühərrikinin gücünün birdən-birə kəsilməsi ilə deyil, sürət artdıqca mərhələli şəkildə azaldılması ilə aradan qaldırılacaq.

Normal sürüş rejimində texniki qaydalara əsasən elektrik mühərriyinin təqdim etdiyi 350 kW güc 290 km/saat sürətdən etibarən tədricən azalmağa başlayacaq. Avtomobil təxminən 345 km/saat sürətə çatdıqda elektrik dəstəyi tamamilə sıfırlanacaq.

Keçid Rejimi aktivləşdirildikdə isə vəziyyət dəyişəcək. Bu halda elektrik mühərriyinin tam 350 kW gücü 337 km/saat sürətə qədər istifadə edilə bilir. Bu hədd keçildikdən sonra hücum edən avtomobildə də elektrik dəstəyi mərhələli şəkildə azaldılacaq, lakin bu azalma daha sərt qrafik üzrə baş verir və elektrik gücü təxminən 355 km/saat civarında tam kəsilir.

Vacib məqam isə daxili yanma mühərriyinin gücü baxımından nə müdafiə edən, nə də hücum edən avtomobil üçün hər hansı məhdudiyyət tətbiq edilib.

Bu mexanizm sayəsində 290 km/saat ilə 355 km/saat arasındakı sürət intervalında hücum edən avtomobil trasdan asılı olaraq dəyişən müəyyən sürət üstünlüyü əldə edir.

Ötmə Rejimi nə vaxt istifadə oluna biləcək?

Aydınlaşdırılması vacib olan digər məsələ pilotların Ötmə Rejimini hansı şərtlərlə qazanacağı ilə bağlı olub. Formula 1 2026-cı il mövsümündən etibarən hər trasda yalnız bir aşkarlama nöqtəsinin olacağını dəqiqləşdirib. Bu nöqtə əvvəlki illərdə DRS üçün istifadə edilən aşkarlama məntiqi ilə eyni prinsiplə işləyir

Əgər həmin nöqtədə öndəki avtomobillə fərq bir saniyədən az olarsa, arxadakı pilot Keçid Rejimini aktivləşdirə biləcək. Pilot istədiyi halda bu əlavə enerjidən dövrə ərzində hissə-hissə istifadə edə biləcək, yaxud bütün enerjini bir düzlükdə xərcləyərək, birbaşa ötmə cəhdi edəcək.

Əvvəlki sistemdən fərqli olaraq artıq müəyyən edilmiş DRS zonaları yoxdur. Formula 1 pilotları əlavə gücü trasın istədikləri hissəsində istifadə etməkdə azaddırlar və hücumu harada edəcəklərinə özləri qərar verəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et