Xəbəri Kokpitdə Oxuyun!

F1-də yeni terminlər məlumdur

FIA 2026-cı ilin Formula 1 avtomobillərinin yeni dizayn görüntülərini yayımlayıb və terminologiyada sadələşməyə gedib.

FIA 2026-cl il mövsümünə aid Formula 1 avtomobillərinin yeni dizayn görüntülərini təqdim edərkən, X-mode, Z-mode və MOM terminlərini ləğv edib və daha sadə, anlaşılan adlandırmalara keçib.

2026 mövsümünün ilk qış testlərinə təxminən bir ay qalmış yayımlanan bu görüntülər, gələn il istifadə olunacaq avtomobillərin ümumi görünüşü ilə bağlı ilk real təsəvvürü yaradıb. Barselonada qapalı qapılar arxasında keçiriləcək testlərdən əvvəl paylaşılan bu çertyojlar yenilənmiş texniki reqlamentə əsaslanıb.

Yeni nəsil Formula 1 avtomobilləri aktiv aerodinamikaya malik olacaq, ölçüləri bir qədər kiçiləcək və minimal çəki həddi 768 kiloqrama endiriləcək. Bununla belə, padokdakı əksər mütəxəssislər bu çəki limitinin real şəraitdə nə dərəcədə mümkün olacağını müzakirə edirlər

Son yayımlanan görüntülərdə Əbu Dabidə bütün komandalar tərəfindən sınaqdan keçirilmiş 2026-cı ilin Pirelli təkərlərinin yeni vizual kimliyi də yer alıb. Təkərlər əvvəlki kimi 18 düym olacaq, lakin çəkini azaltmaq məqsədilə bir az daha dar istehsal edilib.

Overtake, Boost və Recharge

FIA-nın təkoturacaqlı avtomobillər üzrə texniki direktoru Nikolas Tombazis Əbu Dabidə verdiyi açıqlamalardan sonra rəsmi terminologiyada da dəyişiklik edilib. FIA 2026-cı il qaydalarını ötən il Kanada Qran Prisində təqdim edərkən aktiv aerodinamika üçün X-mode və Z-mode, ötmə köməyi üçün isə Manual Override Mode terminlərindən istifadə etmişdi. DRS-in ləğvi fonunda hazırlanan bu sistem padokda qısa müddətdə “MOM” kimi tanınmışdı.

FIA 2026-cı ildən əvvəl terminləri sadələşdirərək xüsusilə azarkeşlər üçün daha başa düşülən hala gətirib. Bu çərçivədə Manual Override Mode artıq “Overtake” adlandırılıb. DRS-də olduğu kimi, bu sistem də yalnız trasın müəyyən hissəsində, önündəki avtomobildən bir saniyədən az məsafədə olduqda istifadə edilə biləcək. Əsas fərq isə ondan ibarətdir ki, artıq ötmə üçün arxa qanad açılmayacaq. Bunun əvəzinə, məsafə bir saniyədən az olduqda avtomobilə əlavə elektrik gücü veriləcək.

Beləliklə, ötmə köməyi arxa qanadın açılması ilə deyil, daha yüksək elektrik gücündən istifadə olunması ilə təmin ediləcək.

Elektrik gücü ilə bağlı FIA iki yeni anlayış da təqdim edib: Boost və Recharge.

Boost, pilotun ERS sistemindəki elektrik enerjisini birbaşa performans üçün istifadə etməsi mənasına gəlir. Pilotlar dövrə ərzində bu enerjini harada və nə qədər sərf edəcəklərinə özləri qərar verəcəklər və bu da əvvəlki illərlə müqayisədə daha çox taktiki müxtəliflik yaradacağı gözlənilir.

Recharge isə batareyanın yenidən doldurulduğu rejimi ifadə edir.

 

 

Straight Mode və Corner Mode

FIA aktiv aerodinamika terminlərində də sadələşməyə gedib. X-mode və Z-mode ayrımının artıq zəruri olmadığı qərara alınıb. Çünki sistemin məntiqi sadədir: döngələrdə yüksək asfsltayatma qüvvəsi, düzlükdə isə aşağı maneə.

Bu səbəbdən yeni terminlər “Straight Mode” və “Corner Mode” olaraq müəyyənləşdirilib.

FIA Straight Mode-u belə izah edib:

“Straight Mode — ön və arxa qanadların açılaraq maneənin azaldıldığı və maksimal sürətin artırıldığı aktiv aerodinamik konfiqurasiyadır. Bu rejim trasda müəyyən edilmiş kifayət qədər uzun düzlük hissələrində bütün avtomobillər tərəfindən istifadə oluna bilər”.

Corner Mode isə belə təsvir olunub:

“Corner Mode — ön və arxa qanadların yüksək asfaltayatma qüvvəsi yaradan normal mövqedə saxlanıldığı və döngə performansının maksimuma çatdırılmasını hədəfləyən aktiv aerodinamik sazlanmadır”.

Beləliklə, pilotlar düzlükdə aşağı, döngələrdə isə yüksək asfaltayatma qüvvəsi ilə hərəkət edəcək.

FIA bu terminlərin artıq test edildiyini və əldə olunan rəy və geribildirimlər əsasında yekunlaşdırıldığını da açıqlayıb.

Rauf Hacıyev

Şərh əlavə et