Xəbəri Kokpitdə Oxuyun!

Pirelli 3 yarış üçün təkərləri seçib

Pirelli şirkəti 2026-cı il mövsümünün ilk üç mərhələsi – Avstraliya, Çin və Yaponiya Qran Priləri üçün təkər tərkiblərini açıqlayıb.

Mövsümün ilk yarışı üçün Melburna ən yumşaq üçlük – C3, C4 və C5 tərkibləri gətiriləcək. 2024-cü ildə bu seçim iki pit-stoplu strategiyaya və bütün üç tərkibdən istifadəyə şərait yaratmışdı. 2025-ci ildə isə yarışın böyük hissəsində yağış yağdığı üçün əsasən keçid (intermediate) təkərlərdən istifadə olunmuşdu.

Şanxayda keçiriləcək və mövsümdə ilk dəfə şənbə sprint formatını qəbul edəcək mərhələ üçün komandaların ixtiyarına C2, C3 və C4 tərkibləri veriləcək.

Suzukada baş tutacaq Yaponiya Qran Prisi üçün isə Pirelli ən sərt üçlüyü – C1, C2 və C3 təkərlərini seçib. 2025-ci ildə trasın aşağı temperaturu və yeyilməyə yüksək davamlılıq sürücülərə Hard və Medium tərkiblərində stintləri uzatmağa imkan verib və yarış bir pit-stopla başa vurulub. 2024-cü ildə isə vəziyyət fərqli olub – termal deqradasiya səbəbindən ən azı iki pit-stop zəruri sayılıb.

Komandalar və sürücülər 2026-cı il təkərləri üzərində işi qış testlərində həyata keçirə biləcəklər. İlk testlər 26–30 yanvar tarixlərində Barselonada qapalı formatda keçiriləcək. Hər komanda mövcud beş gündən üçündə trasda necə işləyəcəyini müstəqil şəkildə seçəcək.

İkinci və üçüncü testlər isə artıq tamaşaçılar üçün açıq olacaq və 11–13 fevralda və 18–20 fevral tarixlərində Bəhreyndə baş tutacaq. Bu qədər uzun hazırlıq mərhələsi yeni texniki reqlament əsasında hazırlanmış bolidlərin daha yaxşı anlaşılmasına imkan verəcək.

İlk yarışlarda bütün beş quru hava tərkibindən istifadə Pirelli-yə real rəqabət şəraitində təkərlər arasındakı fərqləri, onların yeyilməyə və həddindən artıq qızmaya davamlılığını detallı şəkildə qiymətləndirməyə imkan verəcək. Toplanan məlumatlar mövsümün Avropa mərhələləri üçün təkər seçiminə əsas yaradacaq.

Rauf Hacıyev

Şərh əlavə et