Xəbəri Kokpitdə Oxuyun!

Yeni Razılaşma Müqaviləsindəki dəyişikliklər nədir?

Uzun sürən danışıqlardan sonra FIA və Formula 1 rəhbərliyi, seriyanın qarşıdakı beş il ərzində necə idarə olunacağını müəyyən edən yeni Razılaşma Müqaviləsini nəhayət yekunlaşdırıb. Yeni saziş əvvəlki müqavilə ilə müqayisədə iki mühüm dəyişikliyi ehtiva edir.

FIA və FOM yeni Razılaşma müqaviləsini bu həftə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən FIA-nın Baş Assambleyası çərçivəsində elan edib. Həmin həftəsonu FIA-nın Mükafatlandırma Mərasimi də təşkil olunub və Mohammed Ben Sulayem yenidən FIA-nın prezidenti vəzifəsinə  seçilib.

Formula 1-in icraçı direktoru Stefano Domenikali razılaşma ilə bağlı bildirib: “Bu müqavilə Formula 1-in qlobal miqyasda böyüməsini davam etdirməsi üçün ən doğru mövqedə olmasını təmin edir.

FIA-nın prezidenti Mohammed Ben Sulayemə və bütün komandalara danışıqlar zamanı idman üçün ən yaxşı nəticəni əldə etmək istiqamətində göstərdikləri əməkdaşlığa və qətiyyətə görə təşəkkür edirəm”.

Autosport-un əldə etdiyi məlumata görə razılaşmanın bir hissəsi olaraq F1 Komissiyasındakı səsvermə mexanizmində dəyişiklik edilib. Buna əsasən, qərarların qəbul olunması üçün artıq daha az komanda səsi tələb olunacaq ki, bu da FIA və FOM-un tənzimləmə dəyişikliklərini həyata keçirməsi zamanı daha çox təsir gücü qazanmasına imkan verəcək.

Səslərin yeni bölgüsünə görə, 2026-cı ildən etibarən F1 Komissiyasının iclaslarında adi çoxluq üçün tələb olunan səs sayı 11 komanda arasında altıdan dördə endirilib. Super çoxluq üçün isə səkkiz səs əvəzinə altı səs kifayət edəcək. Beləliklə, zəruri hallarda çətin qərarların qəbulu daha asan olacaa

Bununla yanaşı, 11 komandanın F1-də iştirak məbləğləri yenidən strukturlaşdırılıb və onlar ümumi şəkildə FİA-ya daha çox ödəniş edəcəklər. FIA-nın bu əlavə gəliri hakimlik, tras işçiləri və digər xidmətlər daxil olmaqla çempionatın idarəetmə tərəfinə yönəldəcəyi gözlənilir.

İndiyədək komandalar sabit məbləğlə yanaşı, əvvəlki mövsümdə topladıqları xallara əsasən hesablanan iştirak haqqı ödəyirdi. Belə olan halda 2023-cü ildəki kimi çox uğurlu mövsüm keçirən Red Bull kimi komandalar növbəti il üçün qeyri-mütənasib dərəcədə yüksək ödəniş edirdilər, arxa sıralardakı komandalar isə nisbətən az ödənişlə çempionatda iştirak haqqı qazanırdılar. Yeni sistemdə komandalar çempionatdakı mövqelərinə uyğun olaraq yuxarıdan aşağıya doğru mərhələli qaydada ödəniş edəcəklər.

Bu struktur dəyişikliyindən sonra komandaların FIA-ya ödənişləri təxminən 15 milyon dollar artacaq. Xüsusilə orta sıra komandalarının payının bir neçə milyon dollar artacağı bildirilir. Yeni format həmçinin mükafat pullarının bölüşdürülməsi sistemi ilə də uyğunlaşdırılıb və burada orta sıralar üçün təxminən 9 milyon dollarlıq balans tətbiq olunub. Formula 1-in davam edən kommersiya artımının isə artan iştirak haqlarını kompensasiya edəcəyi gözlənilir.

Komandaların FIA-dan hakimlik və digər xidmətlərin daha peşəkar səviyyəyə çatdırılması tələbləri davam edərkən, idarəedici qurumun F1 əməliyyatlarını inkişaf etdirməyə yönəlik plan təqdim etdiyi və bunun əlavə xərclərinin FOM tərəfindən dəstəkləndiyi bildirilib.

Yüksək vəzifəli komanda rəsmilərindən biri bu barədə deyib: “Gəlirin daha strukturlaşdırılmış və ədalətli bölüşdürülməsindən ümumilikdə məmnunuq. Amma bu vəsait peşəkarlığın artırılmasına, xidmətlərin yaxşılaşdırılmasına yönəlməlidir”.

FIA-nın prezidenti Mohammed Ben Sulayem isə əlavə maliyyənin Formula 1 əməliyyatlarını gücləndirmək üçün istifadə olunacağını təsdiqləyib: “Bu razılaşma yarış direktorlarımızı, rəsmi şəxsləri və hər yarışın əsasını təşkil edən minlərlə könüllünü dəstəkləməklə, tənzimləyici, texnoloji və əməliyyat imkanlarımızı modernləşdirməyə davam etməyimizə şərait yaradır.

Formula 1-in texnoloji innovasiyanın ön sıralarında qalmasını və qlobal idmanda yeni standartlar müəyyənləşdirməsini təmin edirik”.

Yeni müqavilənin FIA-nın padokdakı görünməsini  artıracağı gözlənilir. Bundan əlavə, 2026-cı il texniki reqlamentlərinin tamamilə yenilənmiş A Bölümündə, hər avtomobilin burun hissəsində FIA loqosunun yerləşdirilməsini məcburi edən maddə yer alıb.

Ümumi texniki qaydaların A2.3.4 maddəsində qeyd olunub: “Hər Formula 1 avtomobili mavi və ya ağ rəngdə, ən azı 75 mm hündürlüyündə FIA loqosu daşımalı, bu loqo avtomobilin burun üstündə və ya burun yanlarından birində yerləşməli və yan tərəfdən görünməlidir”.

Mənbələr gəlir bölgüsündəki daha əlverişli strukturun Formula 1-də sprint yarışlarının sayının artırılmasına yol aça biləcəyini və FIA-nın bu yarışların loqistika xərclərini qarşılamasına kömək edəcəyini bildiriblər.

Rauf Hacıyev

Şərh əlavə et