Formula 1-də ümumi fikir belədir ki, istehsalçı komandalar müştəri komandalara nisbətən üstünlüyə malikdirlər. Çünki bolidin bütün fəlsəfəsinə və onun güc qurğusu ilə uyğunluğuna tam nəzarət etmək daha yaradıcı həllər təklif etməyə imkan verir. Müştəri komandalar isə verilən güc qurğusunun məhdudiyyətləri daxilində işləməli olurlar.
2022-ci il reqlamentlərindən bəri tətbiq edilən “mühərrik dondurulması” nəticəsində son illərdə bütün güc qurğuları (Renault istisna olmaqla) demək olar ki, eyni səviyyədə olub. Lakin gələn mövsümdən etibarən radikal dəyişikliklər tədarükçülər arasında ciddi fərqlər yaradacaq.
Məhz buna görə Aston Martin 2026-cı il üçün Honda ilə razılığa gəlməyə bu qədər həvəsli idi və bu əməkdaşlığın nəticələrinin necə olacağı böyük maraq doğurur.
Honda əvvəlki uğurları təkrarlamağa çalışır
2026-cı il reqlamentləri həm aerodinamika, həm də mühərrik cəhətdən tam bir yenilənmə gətirsə də, gələn il üçün formalaşan əsas rəvayət artıq aylar əvvəl ortaya çıxıb.
Təbii gözlənti odur ki, Mercedes 2026-cı ildə ən güclü mühərrikə sahib olacaq. Sürücülər, mühəndislər və paddokdakı mütəxəssislər Toto Volfun komandasını növbəti nəsil mühərriklər üçün əsas meyar kimi göstərirlər.
Bu, təbii ki, təminat deyil, lakin bir çox nüans Alman istehsalçısının ön sırada olacağını göstərir. 2022-ci ildən bəri altlıq dövründə (ground effect) çətinlik yaşayan Mercedes uzun müddətdir bütün diqqətini 2026-cı il mühərrikinə yönəldib.
Lakin digər tərəfdən, Honda da “Gümüş oxlar”a ən real rəqib kimi göstərilir. Sakura mühəndisləri Red Bull-a ardıcıl çempionluqlar qazandırıblar. Üstəlik, onlar daha əvvəl Ədrian Nyui ilə də işləyiblər.
Ən önəmlisi isə Mercedes-in tarixindəki dominantlıq dövrünün əsas memarlarından biri olan Endi Kovell artıq Honda-nın 2026-cı il mühərrik proqramının mərkəzindədir və onun Aston Martin bolidi ilə inteqrasiyasına rəhbərlik edir.
Honda Racing Corporation prezidenti Koji Vatanabe bu yaxınlarda verdiyi müsahibədə 2026-cı ildən gözləntilərini belə izah edib: “Rəqiblərimizin hansı vəziyyətdə olacağını proqnozlaşdıra bilmərik. Bunu bilmədən daxili hədəflərimizdən kənara çıxmaq düzgün olmaz.
Uzunmüddətli baxsaq, bu tərəfdaşlığın əsas məqsədi – bizim üçün uğurun tərifi Dünya Çempionluğu qazanmaqdır.
Aston Martin Aramco ilə münasibətimiz təkcə texniki əməkdaşlıq deyil. Biz ortaq hədəfi paylaşırıq. AMR texnologiya düşərgəsində böyük ehtiras var və keyfiyyət də çox yüksəkdir.
Bunu Honda-nın inkişaf bacarığı ilə birləşdirsək, 2026-cı ildə deyil, 2027, 2028 və ondan sonra da uğur qazana biləcəyimizə inanırıq”.
Aston Martin-də bütün sistemlər işə düşüb
Mercedes-in 2026-cı ildə ən güclü mühərrikə sahib olacağı gözləntisi müəyyən mənada “eliminasiya” yolu ilə formalaşıb.
Red Bull Powertrains və Audi güc qurğuları sahəsində tamamilə yeni istehsalçılardır və hələ ki, təcrübəli istehsalçılardan geri qalırlar. Onlar rəqabətədavamlı olmaq üçün işləyirlər, lakin Mercedes-i keçmək hələlik real görünmür.
Ferrari kağız üzərində kifayət qədər resurs və infrastruktura malik olsa da, bu il Maranelloda bəzi inkişaf problemlərinin ortaya çıxdığı iddia olunur. Bu isə onların 2026-cı il şanslarına müəyyən kölgə salır.
Bütün bunların fonunda Honda gələn il üçün ən böyük sürpriz namizədi kimi görünür. İlboyu gələn xəbərlər məhdud olsa da, ümumilikdə pozitivdir. Sakura fabrikində işlərin qrafikə uyğun getdiyi bildirilir.
2026-cı ildə sintetik yanacaq tələbinin tətbiqi də oyun dəyişdirən amildir. Aston Martin-in tərəfdaşı Aramco artıq bu mövsüm Formula 2 üçün sintetik yanacaq təmin edirdi və bu, Honda üçün əlavə üstünlük sayılır.
Hazırkı vəziyyətə əsasən, mövsümöncəsi testlər başlananda Honda diqqət mərkəzində olacaq.




Şərh əlavə et