Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabi-2025: Mövsümün son poulu Maksındır

2025-ci ildə üç pilot – Lando Norris, Maks Fərstappen və Oskar Piastri – mövsümün son mərhələsi olan Əbu-Dabi Qran Prisinə şəxsi hesabda titul qazanmaq şansı ilə gəliblər.

Lando Norris çempionata liderlik edir, Maks Ferstappen ondan 12 xal, Oskar Piastri isə 16 xal geri qalır. Digər mövqelər uğrunda da mübarizə davam edir – hamı qış tətilinə yaxşı əhval-ruhiyyə ilə getmək istəyir.

Bu mübarizədə çox şeyi təsnifat mərhələsi həll edir. Yas Marina trasında ötmə çətin olur, nəticə əsasən start mövqeyindən asılıdır, üstəlik, yay fasiləsindən sonrakı doqquz yarışın yedisini pouldan başlayan pilotlar qazanıblar.

Cümə günü məşqlərdə Norris lider olub, bu gün günorta sessiyasında isə ən yaxşı vaxtı Rassell göstərib. Üçüncü sessiyada Həmilton qəzaya uğrayıb, Ferrari mexanikləri onu təsnifata qədər bərpa edə biliblər. Pit-leyn hadisəsində Antonelli ilə toqquşan Tsunodanın maşını da zədələnib – Red Bull Racing onu təmir edib, Mercedes isə pul cəriməsi alıb.

Pirelli bura “yumşaq” tərkibli üçlüyü gətirib – C3, C4 və C5 müvafiq olaraq Hard, Medium və Soft kimi istifadə olunur.

Birinci sessiyada Qasli, Həmilton və Lekler ilk cəhdlərini Medium tərkibli təkərlərlə keçiriblər, digərləri isə Soft ilə trasa çıxıblar. Ən yaxşı vaxtı Rassell göstərib – 1:23.247. Kolapinto və Qaslinin sürətli dövrələri trasın hüdudlarını aşdıqları üçün ləğv edilib.

İkinci cəhdləri bütün pilotlar Soft təkərlərlə ediblər. Protokola Oskar Piastri başçılıq edib – 1:22.605. Ferstappen ondan demək olar ki, 0.3, Norris isə 0.6 saniyə geri qalıb. Mübarizəni davam etdirə bilməyənlər: Kolapinto, Qasli, Hülkenberq, Elbon və Həmilton (ardıcıl üçüncü dəfə).

İkinci sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. İlk cəhddə Rassell ən yaxşı nəticəni göstərib – 1:22.730. Növbəticəhddən imtina edən Ferstappen ikinci yeri qoruyub saxlayıb, qalanlar mübarizəni davam etdiriblər, amma Rassellin liderliyi dəyişməyib. Stroll, Antonelli, Louson, Sayns və Berman finala keçə bilməyiblər.

Finalda Ferstappen dərhal yeni etalon meəyyəm edib– 1:22.295 və rəqiblər bu nəticəni keçə bilməyiblər: Piastri və Norris ondan kifayət qədər geri qalıb. Tsunoda ilk cəhdini buraxıb.

Həlledici cəhddə Ferstappen tempi artırıb – 1:22.207 və liderliyini qoruyub. McLaren pilotları da sürətlərini artırıblar, amma geri qalıblar Rassell porebriklərə hücumlar zamanı maşını çətinliklə idarə edib və dördüncü olub. Tsunodanın dövrəsi trasın hüdudlarını aşdığı üçün ləğv edilib.

Maks Ferstappen mövsümdə 8-ci, karyerasında isə 48-ci poula sevinib. Sabahkı yarışa onun yanından çempionatdakı əsas rəqibi Lando Norris başlayacaq. İkinci cərgədən Oskar Piastri və Corc Rassell, üçüncü cərgədən isə Şarl Lekler və Fernando Alonso start alacaqlar.

Elçin Zodorov

Şərh əlavə et