Xəbəri Kokpitdə Oxuyun!

T.Volff: Markonun başı xarab olub

Qətər yarışının sondan əvvəlki dövrəsində Kimi Antonelli səhv edib və 9-cu döngədə tras hüdudlarından kənara çıxıb. Lando Norris bundan istifadə edərək onu qabaqlayıb və 4-cü yerə yüksəlib. Bununla da, o, 10 yox, 12 xal qazanıb. Beləliklə, Norris bu epizod sayəsində iki əlavə xal götürüb.

Red Bull şirkətinin məsləhətçisi Helmut Marko bu iki xalın titul mübarizəsində həlledici ola biləcəyindən ehtiyatlanaraq, yarışdan sonra Antonellinin Norrisi qəsdən buraxdığını iddia edib. Bu açıqlama Mercedes komandasının rəhbəri Toto Volff qəzəbləndirib və o, Markoya çox sərt cavab verib.

Toto Volff: “Yazıq Helmut başımdan tüstü çıxardan tam cəfəngiyat danışır! Mühəndislər Kubokunda bizim üçün kritik olan ikinci yer uğrunda mübarizə aparırıq. Kimi yarışda potensial üçüncü yerə görə mübarizə aparırdı. İnsan nə qədər beyinsiz olmalıdır ki, belə bir şey desin?

Bu fikir məni bütünlükdə dəli edir. Məni yarış özü də, sondakı səhv də, başqa səhvlər də əsəbiləşdirir, sonra da belə bir cəfəngiyat eşidirəm  və bu, başımı aparır. Biz axı bu səhvlər ucbatından Mühəndislər Kubokunda xal itiririk.

Mən artıq Canpyero Lambiazr ilə (Maks Ferstappenin yarış mühəndisi) danışmışam. Ona dedim: «O, sadəcə trasdan çıxdı, əvvəlki döngədə səhvi var idi, buna görə uzun sol döngəyə daha aşağı sürətlə girdi, qazı buraxdı və elə həmin anda da mövqeyi itirdi». Biz Canpyero ilə hər şeyi aydınlaşdırdıq. O, həmin anı görmədiyini dedi, amma niyə biz bunu etməliyik ki?

Niyə titul uğrunda mübarizəyə ümumiyyətlə müdaxilə edək? Söhbət burasındadır ki, sizə kabuslar görünürsə, mütləq özünüzü həkimə göstərməlisiniz. İnsanlara xəyali “ruhlar” görünürsə, bu, artıq müayinədən keçməli olduqlarının işarəsidir”.

Rauf Hacıyev

Şərh əlavə et