Xəbəri Kokpitdə Oxuyun!

Madrid tərəfi şayiələri təkzib etməyə tələsib

İspaniya mətbuatı MadRing trasının tikintisinin qrafikdən xeyli geri qaldığına dair son xəbərlərə reaksiya verib və bu da trasın 2026-cı ilin sentyabr ayının ikinci həftəsonuna planlaşdırılan Dünya Çempionatının milli mərhələsinə ev sahibliyi etməyə hazır olacağına dair ciddi şübhələr yaradıb.

Madriddə nəşr olunan məşhur idman resursu Marca bütün şayiələri təkzib etməyə tələsən İspaniya paytaxtının meriya rəsmilərindən sitat gətirib. Xüsusilə, Madrid hökumətinin müşaviri Migel Qarsiya ərazidə işlərin qrafikə uyğun və heç bir əhəmiyyətli gecikmə olmadan davam etdiyini, layihənin hər mərhələsinin vaxtında başa çatdırıldığını bildirib.

Eyni zamanda, tikinti sahəsindəki faktiki vəziyyətdən xəbərdar olan mənbələr jurnalistlərə qış aylarında əlverişsiz hava şəraitinin mümkün olduğunu təsdiqləyiblər, lakin hazırda hər şey nisbətən normal getdiyini qeyd ediblər. Qarsiya bəyan edib: “Madrid xalqı rahat ola bilər; tikinti yaxşı tempdə davam edir. Hər şey plana uyğun gedir və şəhərimiz 45 ildən sonra ilk dəfə Formula 1 yarışına yenidən ev sahibliyi edəcək”.

Mer Xose Luis Martines-Almeyda da dünən şəhər administrasiyasının dəhlizlərində keçirilən mətbuat konfransında belə şərh verib: “Bu cür xəbərlərin haradan gəldiyini bilmirəm. Trasın tikintisi qrafiki qabaqlayır və ideal tempdə gedir. Bəzi insanların ifadə etdiyi şübhələrə baxmayaraq, Madrid mütləq Qran Priyə ev sahibliyi edəcək. Və bu, ən yaxşı Formula 1 yarışlarından biri, bəlkə də ən yaxşısı olacaq”.

Elçin Zodorov

Şərh əlavə et