Fernando Alonso Las-Veqas yarışına 7-ci yerdən start versə də, maşının sürəti yetmədiyi üçün ilk onluqda qala bilməyib. Düzlükdə sürət çatışmazlığı onu həm hücumda, həm müdafiədə çətin vəziyyətə salıb. Buna baxmayaraq, ikiqat Dünya Çempionu Qətərdə xal uğrunda mübarizə aparmağa ümid edir.
Ləns Stroll isə ilk döngədə Qabriel Bortoleto tərəfindən vurulub və mübarizəni dayandırıb. O, hadisənin qəsdən olmadığını bildirib. Komanda ümumilikdə temp çatışmazlığı ilə üzləşib və növbəti həftə Qətərdə daha rəqabətədavamlı olacağına ümid edir.
Fernando Alonso: “Çətin yarış oldu, çünki maşında temp yox idi. Onsuz da bilirdik ki, quru trasda xal qazanmaq bizim üçün asan olmayacaq. Üstəlik, düzlüklərdə sürətim çatmırdı, ona görə də hücum etmək və müdafiə olunmaq çox çətin idi.
Növbəti həftə Qətərdə əlimizdən gələni etməyə çalışacağıq. Ümid edirəm ki, orada xallar uğrunda mübarizə apara biləcəyik”.
Ləns Stroll: “Təəssüf ki, startda məni vurub yarışdan çıxardılar, mənim üçün hər şey birinci döngədə bitdi. Yarışda belə şeylər olur. Bu həm mənim, həm də Qabriel üçün xoşagəlməz hadisədir, amma o bunu qəsdən etmədi. O, yaxşı oğlandır.
Onsuz da bu yarışda rəqabətədavamlı olacağımızı gözləmirdik, ona görə çox şey etmək mümkün deyildi. Ümid edirəm ki, növbəti həftə daha güclü çıxış edərik. Bəzi traslarda maşınımız canlanır, ümid edirəm Qətərdə də belə olacaq”.




Şərh əlavə et