Formula 1 ABŞ-dakı fəaliyyətini genişləndirmək strategiyasının bir hissəsi olaraq 2023-cü ildə Nevada ştatına qayıtmış və Las-Veqasda keçirilən yarış üçün ilkin olaraq üçillik müqavilə bağlamışdı.
Daha sonra bu müqavilənin müddəti iki əlavə yarışı da əhatə edəcək şəkildə uzadılmışdı. Lakin Formula 1 rəhbərliyi həm kommersiya hüquqlarının sahibi, həm də təşkilatçı olduğu bu mərhələni uzunmüddətli perspektivdə təminat altına almaq istəyirdi.
Bu məqsədlə Formula 1, Clark County və Las Vegas Convention and Visitors Authority ilə yeni 10 illik müqavilə imzalayıb. Beləliklə, Las Veqas Qran Prisi ən azı 2037-ci ilin sonuna qədər Formula 1 təqvimində qalacaq.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali müqavilənin elanından sonra bildirib: “Formula 1-in uzun illər ərzində Las-Veqasda yarışmağa davam edəcəyindən böyük məmnunluq duyuruq.
2023-cü ildə keçirilən ilk yarışdan bəri tədbir möhtəşəm uğur qazanıb. Qısa müddətdə yüksək səviyyəli yarışların, dünya miqyaslı əyləncənin, biznes liderlərinin və məşhurların görüş məkanlarından birinə çevrilib. Bu yarış yerli iqtisadiyyata və cəmiyyətə güclü, uzunmüddətli təsir göstərib”.
Stefano Domenikali Formula 1-in Las-Veqasa olan inamının ilk gündən dəyişmədiyini də vurğulayıb: “Las-Veqasın ABŞ-dakı fəaliyyətimizin əsas sütunlarından birinə çevriləcəyinə həmişə inanmışıq. Bu yeni müqavilə və son illərdə əldə olunan uğurlar bu vacib bazara olan uzunmüddətli bağlılığımızı daha da gücləndirir”.
LVCVA-nın prezidenti və baş icraçı direktoru Stiv Hill isə müqavilənin həm şəhər, həm də təşkilat üçün mühüm hadisə olduğunu bildirib: “Formula 1 ilə tərəfdaşlığımızın növbəti on il üçün uzadılması həm Las-Veqas, həm də Qran-pri üçün çox vacib amildir. Yarış cəmi üç il ərzində qlobal miqyasda simvolik tədbirə çevrilib. Qran-pri həftəsində Las-Veqası mədəniyyətin, rəqabətin və əyləncənin mərkəzinə çevirir”.




Şərh əlavə et