Xəbəri Kokpitdə Oxuyun!

Monakoya gətirilən yeniliklər

2026-cı il Monako Qran Prisi mövsümdə ilk dəfə bütün komandaların texniki yeniliklərlə gəldiyi mərhələ olub. Bunun əsas səbəbi Monte-Karlo trasının unikal xüsusiyyətləri – dar küçələr, kəskin döngələr və yüksək asfaltayatma qüvvəsinə olan tələbatdır.

 

McLaren

McLaren ən geniş yenilik paketini təqdim edib – ümumilikdə altı dəyişiklik.

Komanda Monakoda aktiv aerodinamika sistemlərindən istifadə etmədiyi üçün arxa qanadın konstruksiyasını dəyişib və aktuatoru çıxarıb. Daha effektiv soyutma üçün mühərrik örtüyü böyüdülüb.

Ön asılqanın örtüklərində edilən dəyişikliklər etibarlılığı artırmaqla yanaşı, ön təkərlərin daha böyük bucaq altında dönməsinə imkan verir. Arxa qanadın köməkçi elementlərinin geometriyası yenilənib, arxa asılqan örtükləri və diffuzor da daha yaxşı hava axını və aerodinamik səmərəlilik üçün təkmilləşdirilib.

Mercedes

Çempionatın lider komandası yalnız bir yenilik gətirib. Kimi Antonelli və Corc Rassellin maşınlarında əlavə asfaltayatma qüvvəsi yaradan yeni qanadcıqlar quraşdırılıb.

Red Bull Racing

RB22-də ön əyləc kanalları böyüdülüb, ön asılqan elementləri yenilənib. Güc qurğusu və ötürmələr qutusunun daha yaxşı soyudulması üçün pontonlar və mühərrik örtüyündəki hava çıxışları artırılıb.

Bundan başqa, FIA-nın “Straight Mode” rejimini qadağan etməsinə uyğun olaraq arxa qanadın konstruksiyası dəyişdirilib.

Ferrari

Şarl Lekler və Lyuis Həmiltonun maşınlarının xüsusilə məşhur Grand Hotel sancağından daha rahat keçməsi üçün sükan dartıları, ön asılqan qolları və onların örtükləri yenidən işlənib.

SF-26-nın altlığının ön hissəsində əlavə Gurney elementləri peyda olub, diffuzorda da dəyişikliklər edilib. Məqsəd asfaltayatma qüvvəsini artırmaqdır.

Williams

Ön asılqanın geometriyası digər komandalar kimi dəyişdirilib. Bundan əlavə, mərkəzi çıxış borusunun bərkidilmə sistemi təkmilləşdirilib.

Racing Bulls

Faentsa təmsilçisi ön asılqanı yenidən işləyib və arxa qanadda yeni tənzimlənən elementlər, eləcə də əlavə mərkəzi qanadcıqlar tətbiq edib.

Aston Martin

AMR26-da sükan dartılarının yerləşməsi dəyişdirilib. Korpusda əlavə soyutma çıxışları açılıb, egzoz sistemi və onun bərkidiciləri yenilənib.

Haas

Haas ön asılqan və arxa qanad üzərində rəqiblərinə bənzər dəyişikliklər edib. Bundan əlavə, arxa təhlükəsizlik strukturunun yuxarı hissəsinə yeni aerodinamik element əlavə olunub.

Audi

Audi ön və arxa qanadları aktiv aerodinamika sisteminin ləğvinə uyğunlaşdırıb. Arxa görünüş güzgüləri, mühərrik örtüyü və təhlükəsizlik tağının geometriyası da yenilənib.

Komandanın açıqlamasına görə, yeni mühərrik örtüyü və təhlükəsizlik tağı soyutma sistemlərinin effektivliyini əhəmiyyətli dərəcədə artırır.

Alpine

A526-nın arxa qanadında yeni əlavə qanadcıqlar peyda olub. Bu dəyişiklik mövsüm ərzində davam edən aerodinamik inkişaf proqramının bir hissəsidir.

Cadillac

Serxio Peres və Valtteri Bottasın maşınlarında yeni yan lövhələrə malik arxa qanadlar quraşdırılıb. Bu həll arxa hissədə asfaltayatma qüvvəsini artırır və sazlamalara həssaslığı yüksəldir.

Egzoz borusunun geometriyası və onun arxa hissəsinin bərkidilmə sistemi də aerodinamik səmərəliliyi artırmaq üçün dəyişdirilib.

Rauf Hacıyev

Şərh əlavə et