Xəbəri Kokpitdə Oxuyun!

İtaliya Qran Prisinə gətirilən yeniliklər

İtaliya Qran Prisinin keçirildiyi klassik Monza avtodromu Dünya Çempionatının təqvimində xüsusi yer tutur. Bunun səbəbi yalnız 1922-ci ildən yarışlara ev sahibliyi edən trasın zəngin tarixi deyil, həm də özünəməxsus konfiqurasiyasıdır.

Formula 1-in 11 komandasından 10-u İtaliya mərhələsi üçün, əsasən də Monzanın spesifik xüsusiyyətləri ilə əlaqədar müxtəlif yeniliklər hazırlayıb. Yalnız Audi R26-nın şassisində hər hansı dəyişiklik etdiyini açıqlamayıb.

McLaren

Lando Norris və Oskar Piastrinin avtomobillərində yeni arxa qanad, həmçinin əlavə arxa qanad elementləri peyda olub. Bu dəyişikliklər İtaliya trasında yüksək maksimal sürət vacib olduğundan hava müqavimətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bununla yanaşı, yaradılan asfaltaytma qüvvəsinin səviyyəsi də aşağı salınıb.

Komandanın məlumatına görə, MCL40-ın altlığında da  kiçik dəyişiklik edilib. Məqsəd hava axınının xüsusiyyətlərini yaxşılaşdırmaq və aerodinamik səmərəliliyi artırmaqdır.

Mercedes

Çempionatda lider olan Mercedes də W17-də arxa qanadın yeniləndiyini açıqlayıb. Qanaddan müxtəlif əlavə “qanadcıqlar” çıxarılıb. Bu dəyişiklik Monza trasının tələblərinə uyğun olaraq həmin hissədə yaradılan asfaltayatma qüvvəsini və hava müqavimətini azaltmaq üçün edilib.

Arxa görüntü güzgülərinin dayaqlarının konstruksiyasında dəyişiklik də məhz bununla əlaqəlidir.

Red Bull Racing

Milton-Kinsdən olan komandanın təqdim etdiyi siyahıda daha çox yenilik var. Üstəlik, avtomobilin arxa hissəsində dəyişiklik arxa qanadla deyil, arxa asılqan ilə bağlıdır. Arxa təkərlərin ətrafında yeni elementlər – qoruyucu manjetlər quraşdırılıb. Bu həll həm asılqan komponentlərinin etibarlılığını, həm də aerodinamik səmərəliliyi artırmağa yönəlib.

RB22-nin altlığının ön hissəsinin geometriyası da dəyişdirilib. Komandanın bildirdiyinə görə, alternativ versiya ilk dəfə Monzada sınaqdan keçiriləcək. Modifikasiyanın məqsədi aerodinamik sabitliyi artırmaqdır.

Ön qanadda da dəyişiklik edilib və fərqli konfiqurasiyaya malik endplate-lər quraşdırılıb. Avtomobilin digər ucunda isə qazburaxma borusunun uc hissəsinin bərkidilmə konstruksiyası dəyişdirilib.

Ferrari

SF-26-da altlığın ön hissəsində yerləşən deflektorların geometriyası dəyişdirilib. Bundan əlavə, arxa görüntü güzgülərinin yeni dayaqları quraşdırılıb, arxa əyləc hava kanalları ətrafındakı əlavə aerodinamik elementlərdən ibarət “kaskadlar” isə çıxarılıb.

Komandanın sözlərinə görə, bütün bunlar vahid yenilənmə paketinin hissələridir və əsas məqsəd aerodinamik paketi Monza trasının xüsusiyyətlərinə uyğunlaşdırmaqdır.

Williams

FW48-in ön qanadında xordu azaldılmış elementlər quraşdırılıb. Aerodinamikada “xord” səthin ön kənarından arxa kənarına çəkilən xəyali düz xəttlə ifadə olunur.

Halo – pilotun başının ön hissəsini qoruyan sistem üzərində isə kokpit ətrafında təzyiqin optimal şəkildə paylanmasına kömək edən şaquli elementlər peyda olub.

Britaniya komandası həmçinin altlığın geometriyasını dəyişdirib. Məqsəd altlığın ön hissəsində asfaltayatma qüvvəsi ilə hava müqaviməti arasındakı balansı optimallaşdırmaqdır.

Racing Bulls

VCARB 03 üçün hərəkətli elementinin idarəetmə mexanizmi yenilənmiş yeni arxa qanad hazırlanıb. Pilot Straight Mode-u (SM – düzlüklərdə hərəkət rejimi) aktivləşdirdikdə bu element dönür. Monza üçün xüsusi hazırlanmış versiyada həmin elementin açılma bucağı daha böyükdür.

Qazburaxma borusunun uc hissəsinin bərkidilməsi də dəyişdirilib. Məqsəd buradan çıxan qazlarının şassinin mərkəzi xətti boyunca hərəkət edən hava axınına təsirini optimallaşdırmaqdır. Bunun nəticəsində həm altlığın, həm də arxa qanadın daha effektiv işləməsi gözlənilir.

Aston Martin

Avtomobilin ön hissəsində asqı elementlərinin örtüklərinin geometriyası dəyişdirilib. Arxa hissədə isə arxa təkərlər ətrafında altlığın kənarları yenilənib.

Bu dəyişikliklərin məqsədi altlığın altındakı hava axınının keyfiyyətini yaxşılaşdırmaq və həmin hissənin aerodinamik səmərəliliyini artırmaqdır.

Haas

VF-26-da altlığın ön hissəsi və diffuzor yenilənib. Bu dəyişikliklər altlığın effektivliyini artırmağa və bütövlükdə aerodinamik paketin işini optimallaşdırmağa yönəlib.

Bundan əlavə, avtomobildə yeni yan pontonlar, yenilənmiş mühərrik örtüyü və daha dar təhlükəsizlik qövsü peyda olub. Bütün bu dəyişikliklər avtomobilin ətrafındakı hava axınının keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, soyutma sisteminin effektivliyini də artırır.

Avtomobilin arxa hissəsində isə asılqan elementlərinin örtüklərinin və əyləc barabanlarında yerləşən deflektorların geometriyası dəyişdirilib. Bu yeniliklər də yuxarıda qeyd olunan dəyişikliklərlə əlaqəlidir və aerodinamik sistemin işinə müsbət təsir göstərir.

Alpine

Renault-nun baza komandası iki yenilik təqdim edib. Ön qanadın endplate-lərinin geometriyası dəyişdirilib və onların aşağı hissəsində fərqli konfiqurasiyaya malik elementlər peyda olub. Bu dəyişiklik qanadın bütövlükdə daha effektiv işləməsinə imkan verir.

Arxa qanadda isə Straight Mode sisteminin aktivləşdirilməsi mexanizminin örtüyünün forması dəyişdirilib. Yenilik Monza trasının xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.

Cadillac

Yeni Amerika komandasının avtomobillərində altlığın ön hissəsində yerləşən şaquli elementlərin geometriyası dəyişdirilib. Bu, avtomobilin arxa hissəsinə yönəldilən hava axınına müsbət təsir göstərməklə yanaşı, həmin komponentlərin konstruktiv sabitliyini də artırır.

Bundan əlavə, diffuzorun arxa kənarının daxilində kiçik əlavə aerodinamik element yerləşdirilib. Bu həll avtomobilin həmin hissəsində asfaltayatma qüvvəsini müəyyən qədər artırmağa imkan verir.

Audi isə yeniliksiz qalıb

Beləliklə, Monza üçün demək olar ki, bütün komandalar aşağı asfaltayatma qüvvəsi və yüksək maksimal sürət tələb edən trasın xüsusiyyətlərinə uyğunlaşmağa çalışıb. Audi isə R26 üçün hər hansı şassi yeniliyini açıqlamayan yeganə komanda olub.

Rauf Hacıyev

Şərh əlavə et