Xəbəri Kokpitdə Oxuyun!

İtaliya GP: İlk sessiyada Lekler zirvədədir

2026-cı il İtaliya Qran Prisinin ilk sərbəst məşq sessiyasını zirvədə tamamlayan pilot Şarl Lekler olub.

 

Monzada ilk sərbəst məşq sessiyası başlamazdan əvvəl havanın temperaturu 30°C, asfaltın temperaturu isə 49°C ölçülüb.

Bu həftəsonu üçün rəsmi olaraq istilik təhlükəsi elan edilib. Bu isə pilotların ya soyuducu jilet geyinməli, ya da bolidlərinə 5 kiloqram əlavə çəki yükləməli olacağı anlamına gəlirdi.

Bu sessiyada Maks Ferstappenin Red Bull bolidində Ayumu İvasa, Aleks Elbonun Williams bolidində Lyuk Brouninq, Pyer Qaslinin Alpine bolidində Paul Aron, Serxio Peresin Cadillac bolidində isə Kolton Herta iştirak edib.

Saat 13:30-u göstərdikdə həftəsonunun ilk sərbəst məşq sessiyasına start verilib və pilotlar vaxt itirmədən trasa çıxmağa başlayıblar.

İlk 15 dəqiqə geridə qaldıqdan sonra Lando Norris 1:23.719 nəticə ilə liderliyə yüksəlib. İkinci yerdə isə ondan 0,083 saniyə geri qalan Corc Rassell qərarlaşıb.

Bir neçə dəqiqə sonra sarı bayraqlar dalğalandırılıb və Kolton Hertanın bolidinin trasda dayandığı görülüb. Hadisədən sonra sessiyaya Virtual Təhlükəsizlik Maşını rejimi tətbiq edilib. Virtual Təhlükəsizlik Maşını rejiminin qırmızı bayraqla əvəzlənməsindən sonra Herta boliddən düşüb, digər pilotlar isə boksa qayıdıblar.

10 dəqiqəlik fasilədən sonra sessiya qaldığı yerdən davam etdirilib. Şarl Lekler sarı loqolu təkərlərlə 1:23.008 nəticə göstərərək liderliyə yüksəlib. Komanda yoldaşı Lyuis Həmilton isə ikinci pillədə qərarlaşıb.

Sessiyanın qalan dəqiqələrində Lekler və Həmiltonun nəticələrini yaxşılaşdıran pilot olmayıb və iki komanda yoldaşı Ferrari-nin ev yarışında ilk sərbəst məşq sessiyasını ilk iki pillədə tamamlayıblar.

Corc Rassell üçüncü, bu həftəsonu Red Bull-da yenidən Ayzek Hacarın yerinə yarışan Liam Louson isə dördüncü olub. Çempionatın lideri Kimi Antonelli beşinci pillədə qərarlaşıb.

Lando Norris və Arvid Lindblad müvafiq olaraq altıncı və yeddinci yerləri tutublar. Onların ardınca Qabriel Bortoleto və Franko Kolapinto gəlib. Paul Aron isə sessiyanı 10-cu pillədə tamamlayıb.

Rauf Hacıyev

Şərh əlavə et