Xəbəri Kokpitdə Oxuyun!

Alonsodan emosional dəbilqə

Fernando Alonso bu həftəsonu Monzada keçiriləcək İtaliya Qran Prisində dünyasını dəyişmiş mentoru və ilk meneceri Adrian Kamposu xüsusi dəbilqə dizaynı ilə yad edəcək.

Aston Martin yeni dəbilqə dizaynını sosial media hesablarında rəsmi olaraq təqdim edib.

İkiqat Dünya Çempionu Alonsonun ənənəvi mavi və sarı rəngləri əvəzinə İspaniya bayrağının qırmızı və sarı rənglərindən istifadə olunan dizayn Adrian Kamposun yarış karyerası ərzində istifadə etdiyi klassik dəbilqədən ilhamlanıb.

Silverstone mərkəzli komandanın paylaşımında deyilir:m“Hər şeyin başladığı yerə bir istinad. Adrian Kamposdan ilhamlanan Fernando Alonsonun xüsusi İtaliya Qran Prisi dəbilqəsini təqdim edirik.

Adrian Fernandonun istedadını ilk fərq edən şəxs olub. Onun ilk meneceri kimi Formula yarışlarına keçid prosesində ona rəhbərlik edib. İndi isə onun ikonik dəbilqəsi ailəsinin də bu anın şahidi olacağı Monzada yenidən trasa çıxacaq”.

Kampos 1987 və 1988-ci illərdə Minardi ilə Formula 1-də yarışdıqdan sonra komanda rəhbərliyi və pilotların inkişafı sahəsinə yönəlib və Alonsonun ilk peşəkar meneceri olub.

2021-ci ildə vəfat edən Kampos Alonsonun kartinqdən təkoturacaqlı avtomobillərə keçidində mühüm rol oynayıb.

Rauf Hacıyev

Şərh əlavə et