Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Çətin həftəsonu olacaq

Red Bull komandasının pilotu Maks Ferstappen İtaliya Qran Prisi öncəsi jurnalistlərin suallarını cavablandırıb.

FIA-nın ADUO qiymətləndirməsində Red Bull-un hələ də istinad nöqtəsi olmasını və Ferrari-nin Mixael Şumaxer üçün hazırladığı xüsusi rəng çalarını dəyərləndirən Ferstappen deyib: “ADUO ilə bağlı sonuncu dəfə dediklərimin arxasındayam. Komanda olaraq bu qərara hələ də təəccüblənirik, çünki öz məlumatlarımızda eyni rəqəmləri görmürük. Bu məsələ ilə bağlı FIA ilə müzakirələrimiz davam edir. Prosesin sonunda nə olacağını birlikdə görəcəyik.

Ferrari-nin burada Mixael Şumaxeri yad etməsi və ona ehtiram göstərməsi həqiqətən çox gözəl jestdir. Mixael təkcə möhtəşəm istedadı ilə deyil, fiziki hazırlığı, iş intizamı və komandanı sıfırdan çempionluğa daşımaq bacarığı ilə bütün pilotlar üçün ilham mənbəyi idi. Onun burada bu şəkildə yad edilməsini izləmək olduqca xüsusidir.

Digər tərəfdən, Lando Norrisin aşağı seriyalar üçün başlatdığı gənc pilot layihəsini də çox dəyərli hesab edirəm. Xərclərin bu qədər yüksəldiyi bir dövrdə istedadlı gənclərə imkan yaratmaq möhtəşəmdir.

Məndən söhbət gedirsə, mən təkoturacaqlı seriyalarda komanda qurmaqdansa, GT3 və dözümlülük yarışlarında qalmağa, simulyasiya şirkətimiz vasitəsilə F2, F3 və F4 pilotlarının inkişafına dəstək olmağa üstünlük verirəm”.

Yeni güc qurğularının Monza kimi yüksək sürətli trasda enerji səmərəliliyini də dəyərləndirən Ferstappen İtaliya Qran Prisi ilə bağlı gözləntilərini bölüşüb: “Bizi çox çətin həftəsonu gözləyir.”

Tam mənada enerji səmərəliliyinin yüksək olduğu trasdan söhbət getmir. Ancaq yenə də bütün bunlar barədə həddindən artıq mənfi danışmaq istəmirəm. Vəziyyət nədirsə, odur. Artıq zehni baxımdan bu vəziyyəti qəbul etmişəm və həftəsonuna da bu düşüncə ilə hazırlaşmışam.

Bolidin hansı vəziyyətlərdə necə reaksiya verəcəyini artıq bir qədər daha yaxşı başa düşürəm. Qaz pedalından son dərəcə incə istifadə etmək lazımdır. Yarış günü dəyişən şərtlərlə birlikdə nələrin baş verəcəyini görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et