Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Artıq isbatlanası heç nəyim yoxdur

Çempionatın lideri Kimi Antonelli İtaliya Qran Prisi öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Monzada mühərrik dəyişdirdiyi üçün startda yer itirmə cəzası alaraq yarışa arxa sıralardan başlayacaq italyan sürücü bu vəziyyətin onun üzərində əlavə təzyiq yaratmadığını, əksinə həftəsonuna daha rahat başlamasına imkan verdiyini bildirib.

Kimi Antonelli: “Cəza almaq müəyyən mənada üzərimdəki təzyiqi azaltdı. Təbii ki, poul uğrunda mübarizə aparmağı və ən öndən başlamağı üstün tutardım, amma bu vəziyyət həftəsonuna daha rahat başlamama imkan verəcək.

Sürüşdən və atmosferdən daha çox zövq ala biləcəyəm. Bundan əlavə, bu, cümə məşqlərində fərqli iş üsullarını sınamaq üçün də əla fürsətdir. Monza enerji idarəetməsinin son dərəcə vacib olduğu və ötmələrə imkan verən trasdır.

Cəzanı məhz burada almağı buna görə seçdik. Çünki arxa sıralardan yüksəlmək üçün bizə belə bir imkan verə biləcək ən yaxşı tras məhz buradır.

Realist olmaq lazımdır. Hədəfim ilk beşliyə daxil olmaqdır. Ötən il Formula 1-ə aid olduğumu sübut etmək üçün gərgin sürürdüm. Bu il həm bolid, həm də təcrübə baxımından özümü daha yetkin və vəziyyətə daha yaxşı nəzarət edən biri kimi hiss edirəm. Artıq sübut edəcək heç nəyim qalmayıb, bunu bacara biləcəyimi göstərmişəm”.

İtaliya azarkeşlərinin Ferrari ilə özü arasında seçim etməli olması ilə bağlı sualı cavablandıran gənc pilot Maks Ferstappenin Red Bull ilə uzunmüddətli müqavilə imzalamasını da dəyərləndirib və Mercedes-ə bağlılığını vurğulayıb: “İtalyan kimi azarkeşlərimizin nə qədər emosional olduğunu çox yaxşı bilirəm.

Ferrari, əlbəttə ki, möhtəşəm və inanılmaz brenddir. Amma mən Mercedes-də olduğum üçün çox xoşbəxtəm. Uşaqlığımdan etibarən mənə bu şansı verən onlar olub və mənim də komandaya qaytarmaq istədiyim çox şey var. Maks Ferstappenin də Red Bull ilə oxşar münasibəti var. Ona çox kiçik yaşlarından etibar etdilər və o da komandasına inanır.

Xoşbəxt olduğunuz və inandığınız bir yerdəsinizsə, ayrılmaq üçün heç bir səbəb yoxdur. Əgər Mercedes-də xoşbəxt qalmağa davam etsəm, bütün karyeramı bu komandada keçirə bilərəm”.

Rauf Hacıyev

Şərh əlavə et