Xəbəri Kokpitdə Oxuyun!

Antonelli hansı ssenaridə ABŞ-da titulu rəsmiləşdirəcək?

Kimi Antonelli oktyabrın 25-də keçiriləcək ABŞ Qran Prisində Formula 1 tarixinin ən gənc dünya çempionu titulunu qazana bilər.

Antonelli Sinqapur Qran Prisini üçüncü yerdə başa vuraraq çempionatın ikinci pilləsində qərarlaşan komanda yoldaşı Corc Rasselllə xal fərqini 102-yə çatdırıb.

Mühərrik cəzalarına görə yarışa start düzülüşünün arxa sıralarından başlayan Rassell finişə doqquzuncu yerdə çatıb.

Ferrari pilotu Lyuis Həmilton isə Sinqapurda podiumdan kənarda qalıb və çempionatda üçüncü pillədə qərarlaşaraq Antonellidən 111 xal geri düşüb.

Xallar arasındakı böyük fərqi və 2026-cı il mövsümünün başa çatmasına cəmi altı yarış qalmasını nəzərə alsaq, Formula 1-də ikinci mövsümünü keçirən Antonellinin Dünya Çempionu olmaq şansı xeyli artıb. İtaliyalı pilot buna nail olsa, Sebastian Fetteli geridə qoyaraq Formula 1 tarixinin ən gənc dünya çempionu olacaq.

Oktyabrın 25-də, bazar günü keçiriləcək ABŞ Qran Prisindən sonra mövsümdə Meksika, Braziliya, Las-Veqas, Qətər və Əbu Dabi mərhələləri qalacaq. Bu beş yarışda pilotlar ümumilikdə 125 xal qazana biləcəklər.

Antonellinin ABŞ Qran-prisində çempion olması üçün nə lazımdır?

Antonellinin Ostində Dünya Çempionluğunu rəsmiləşdirməsi üçün çempionatda ən yaxın rəqibləri ilə xal fərqini daha 23 xal artırması lazımdır.

Bunun üçün italiyalı pilot yarışı qazanmalı, eyni zamanda həm Rassellin, həm də Həmiltonun Meksika Qran Prisinə qədər ona yaxınlaşmasına imkan verməyən nəticələr əldə etməlidir.

Antonellinin ABŞ Qran Prisində çempionluğunu elan etməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

  1. Kimi Antonelli yarışı qazanmalıdır.
  2. Corc Rassell yarışı doqquzuncu və ya daha aşağı pillədə başa vurmalıdır.
  3. Lyuis Həmilton beşinci və ya daha aşağı pillədə finiş görməlidir.

Antonelli yarışı qazansa, Rassell isə doqquzuncu olsa, italiyalı pilot komanda yoldaşını 125 xal qabaqlayacaq. Mövsümün qalan beş yarışında maksimum 125 xal toplamaq mümkün olduğundan, Həmiltonun da ilk dörd pillədən kənarda qalması Antonellinin titulunu vaxtından əvvəl rəsmiləşdirməsi üçün kifayət edəcək.

Sinqapur Qran-prisindən sonra Maks Ferstappen lider Antonellidən 119, Şarl Lekler 125, Lando Norris isə 139 xal geri qalır.

Bu üç pilotun da riyazi baxımdan çempionluq şansı hələ qalır. Lakin Antonelli Ostində qələbə qazansa, Ferstappen, Lekler və Norris yarışın nəticəsindən asılı olmayaraq titul mübarizəsindən kənarda qalacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et