Xəbəri Kokpitdə Oxuyun!

Həmilton: Ferrari-də heç bir qayda yoxdur

Lyuis Həmilton Monzada komanda yoldaşı Şarl Leklerlə təkər-təkərə mübarizəsindən sonra Ferrari-də dəqiq müəyyənləşdirilmiş “qaydaların” olmamasının xal itkisinə səbəb olduğunu bildirib.

İtaliya Qran Prisinə dördüncü pillədən başlayan Həmilton ilk dövrədə Leklerlə mübarizədən sonra çınqıllıq sahəyə çıxıb və 10-cu yerə qədər geriləyib. Yekunda britaniyalı sürücü yarışı altıncı pillədə başa vurub.

Lekler isə ikinci dövrənin sonunda Parabolika döngəsində yüksək sürətlə baryerlərə çırpılaraq yarışdan kənarda qalıb və bundan sonra yarış qırmızı bayraqla dayandırılıb.

Yeddiqad Dünya Çempionu yarışın sonunda çempionluq mübarizəsində Mercedes sürücüləri Kimi Antonelli və Corc Rassellə müqayisədə ciddi xal itkisi yaşayıb. Ferrari isə Mühəndislər Çempionatında Mercedesdən 122 xal geridə qalıb.

Hazırda Antonelli Rasselli 66, Hemiltonu isə 76 xal qabaqlayır. Lekler isə Antonellidən 112 xal geridə beşinci pillədə qərarlaşıb.

Monzada jurnalistlərə açıqlama verən Həmilton deyib: “Düşünürəm ki, bu gün Mercedesə qarşı çox xal itirdik. Bu qərarların verilməsi üçün artıq çox gecdir. Bunlar həftələr, hətta həftələr əvvəl edilməli idi.

Mənim edə biləcəyim yeganə şey trasa çıxıb əlimdən gələnin ən yaxşısını etməkdir. Amma bu gün bura bizi dəstəkləməyə gələn tifoziləri məyus etdiyimizi düşünürəm. Edə biləcəyim hər şeyi edirəm, ancaq bəzən bu kifayət etmir. Digər bütün amillərin də bir araya gəlməsi lazımdır”.

Lekler yarışdan sonra hadisəni hər iki tərəfin məsuliyyət daşıdığı vəziyyət kimi qiymətləndirərək “İşləri həddindən artıq irəli apardıq” deyib.

Lakin Həmilton öz tərəfindən heç bir səhvə yol vermədiyini düşündüyünü bildirib. Yeddiqat dünya çempionu deyib: “İkinci döngədə öndə idim. Döngənin apeksinə çatanda da öndə idim. Yəni burada ‘biz’ deyə bir şey yox idi. Baxın, mən çirkli yarışmıram. Həmişə təmiz və ədalətli yarışmışam, həmişə də rəqibimə yer saxlamışam.

Komandaya gəldiyim gündən etibarən də rəqibimə yer vermək məsələsində hörmətli olmağa və heç bir halda komandanı riskə atmamağa çalışmışam. Mən bu mövqeyimin arxasındayam və yalnız öz tərəfim barədə danışa bilərəm. Digər tərəf və orada verilən qərarlar barədə Fredlə danışmalısınız.

Nəticədə bütün bunlar ən yuxarıdan gəlir. Qərarlar aşağıya doğru ötürülür. Hər şey Fredlə başlayır.

Yuxarıdan səsinizi çatdırmaq, etiraz etmək və təzyiq göstərmək üçün edə biləcəyiniz şeylərin də bir həddi var. Dünən kommunikasiya tərzimizə yenidən baxmalı olduğumuzu demişdim. Eyni yolla davam etsək, eyni nəticəni əldə edəcəyik. Elə bunu da davamlı olaraq yaşayırıq. Nəyisə dəyişməliyik.

Yəqin ki, gələn həftə yox, amma xüsusilə növbəti yarışdan sonra prosedurları necə dəyişə biləcəyimizə baxacağıq. Beləliklə, eyni hadisənin yenidən baş verməsinin qarşısını ala bilərik.

Düşünürəm ki, bazadakı əməkdaşlar həqiqətən möhtəşəm iş görürlər. Biz isə işlərimizi olması lazım olduğu qədər təmiz şəkildə həyata keçirmirik. Hazırda digər komandaların bunu etdiyi qədər yaxşı iş görə bilmirik. Halbuki mövsümün bəzi mərhələlərində bunu bacarırdıq.

Məncə, burada əsas məsələ komanda daxilində mübarizə aparmaq üçün müəyyən edilmiş qaydalardır.

Mercedesdə olduğum vaxt yazılı mübarizə qaydalarımız var idi. Əslində, çox da problem yaşamamışdıq. Bəlkə mənimlə Niko arasında bir neçə dəfə belə hallar baş vermişdi. Amma əksər vaxt hər şey yaxşı idi. Burada isə heç bir qayda yoxdur”.

Rauf Hacıyev

Şərh əlavə et