Xəbəri Kokpitdə Oxuyun!

Hacar İspaniya Qran Prisində də yarışmayacaq

Red Bull biləyini zədələnən və tam sağalmaq üçün daha çox zamana ehtiyacı olan Ayzek Hacarin bu həftəsonu Madriddə keçiriləcək İspaniya Qran Prisində də iştirak etməyəcəyini təsdiqləyib.

Liam Louson Maks Ferstappenin komanda yoldaşı kimi RB22-nin sükanı arxasına keçəcək. Yuki Tsunoda isə Racing Bulls ilə daha bir yarış keçirəcək.

Red Bull bazar ertəsi axşam yaydığı açıqlamada bildirib: “Bu qərar Ayzekin sağalma prosesinin müsbət istiqamətdə davam etməsi nəzərə alınaraq verilib. Hələ kokpitə qayıtmağa hazır olmasa da, komandaya dəstək olmaq üçün Madriddə olacaq”.

Hacar yay fasiləsinin sonunda müntəzəm məşq proqramının bir hissəsi olan boks məşqi zamanı biləyini sındırıb. Bu zədə ikinci mövsümünü keçirən fransalı sürücünün avqust ayında keçirilən Niderland Qran Prisində iştirak etməməsinə səbəb olub.

Bundan sonra Red Bull Racing Bulls-un əsas sürücüsü Lousonu Ferstappenin yanındakı əsas komanda oturacağına keçirib, ehtiyat sürücü Tsunodaya isə qardaş komandada Formula 1-ə qayıtmaq imkanı verib.

Red Bull Hacarin zədəsi ilə bağlı riskə getmək istəmədiyindən Louson və Tsunoda ötən həftəsonu Monzada keçirilən İtaliya Qran Prisində də eyni vəzifə bölgüsündə olublar.

İtaliya Qran Prisindən dərhal sonrakı həftə İspaniya Qran Prisinin keçirilməsi səbəbindən Red Bull komandasının rəhbəri Loren Mekis artıq Hacarin Madrinq trasında yarışmasının çətin olacağını bildirmişdi.

Beləliklə, Hacarin ardıcıl üçüncü Qran Prini də buraxacağı dəqiqləşib.

Fransalı pilotun yoxluğunda Louson 2025-ci ilin əvvəlində Red Bull-da keçirdiyi və cəmi iki yarış davam edən çətin dönəmlə müqayisədə komandaya daha sakit şəkildə qayıdıb. Yeni Zelandiyalı sürücü Zandfortda yeddinci yeri tutsa da, Monzada mühərrik cəzası aldığı üçün xal uğrunda mübarizəyə qayıda bilməyib.

Tsunoda isə İtaliya Qran Prisində yarışı 10-cu pillədə başa vuraraq mövsümdə ilk xalını qazanıb. Lakin Audi yaponiyalı sürücünün əlavə qızdırma dövrəsinə səbəb olduğu üçün cəzalandırılmaması barədə hakimlər kollegiyasının qərarına etiraz edib-etməyəcəyini hələ də nəzərdən keçirir.

Rauf Hacıyev

Şərh əlavə et