Formula 1 qaydalarına əsasən, mühərrik komponentlərindən hər hansı birinin mövsüm ərzində icazə verilən limitdən ilk dəfə artıq istifadə edilməsi 10 pilləlik, sonrakı hər pozuntu isə 5 pilləlik start cəzası ilə nəticələnir. Bu mövsüm bütün güc qurğusu komponentləri üzrə limitləri artıq aşmış Hacar üçün ediləcək istənilən dəyişiklik avtomatik olaraq 5 pilləlik cəza deməkdir.
Red Bull komandası Sepanq Beynəlxalq Avtodromunda hansı komponentin dəyişdiriləcəyini hələ rəsmi şəkildə açıqlamayıb. Lakin Hacar mətbuat konfransında cəza alacağını özü təsdiqləyib.
Cəzaya baxmayaraq Hacar ötmələr üçün əlverişli olan Malayziya trasında podium mübarizəsinə davam edəcəyinibildirib. O, zədədən sonra ilk dəfə tam risklə yarışacağını da qeyd edib.
Jurnalistlərin suallarını cavablandıran Hacar Bakıda göstərilən performansdan sonra komandanın mövsümün qalan hissəsindəki şanslarını və Malayziyadakı cəzanı belə dəyərləndirib: “Bakı onsuz da hər halda avtomobilimizə uyğun gələn tras idi.
Gətirdiyimiz yeniləmə paketinin əlbəttə ki, faydası oldu. Lakin Malayziya kimi daha ənənəvi tras real vəziyyətimizi anlamaq üçün daha yaxşı göstərici olacaq.
Açığı, trasın xüsusiyyətlərinə görə burada Bakı ilə müqayisədə bir qədər daha az rəqabətədavamlı olacağımızı gözləyirəm. Yenə də bu həftəsonu podium uğrunda mübarizə apara bilsək, əla olar. Lakin mənim üçün asan olmayacaq, çünki beş pilləlik start cəzası alacağam.
Yenə yaxşı temp tapa bilsək, ötmələr üçün əlverişli trasda yarışacağımız üçün start mövqeyimizi yaxşılaşdıra bilərik. Əgər bunu bacarmasaq, deməli, kifayət qədər sürətli deyilik. Hər şey bu qədər sadədir”.
Biləyindəki zədədən sonra trasa qayıtdığı Bakıda divarların yaratdığı risk səbəbindən həftəsonunu daha ehtiyatlı keçirdiyini deyən Hacar Sepanqda risk etməkdən çəkinməyəcəyini bildirib: “Sepanqın tras quruluşu ilk saniyədən qaz pedalına sona qədər basmağa və avtomobili tam gücü ilə idarə etməyə imkan verir.
Ətrafınızda sizi dayandıracaq divarlar yoxdur, tras olduqca açıqdır. Buna görə də işıqlar sönən kimi rəqabətədavamlı ola bilərsiniz. Bakıda isə həddi aşdığınız an özünüzü divarın içində tapa bilərsiniz.
Zədədən sonra trasa çıxdığım ilk yarışda belə bir şey yaşamaq istəmədiyim üçün ehtiyatlı addımlar atdım. Amma bu həftəsonu mənim üçün hər şey tamamilə normal olacaq. Buna görə də dərhal risk etməyə başlamalıyam”.




Şərh əlavə et