Xəbəri Kokpitdə Oxuyun!

A.Hacar: İlk döngədə yer itirə bilərik

Red Bull sükanı arxasına qayıdan Ayzek Hacar Azərbaycan Qran Prisinin sıralanma turlarından sonra çıxışını müsbət qiymətləndirib.

Hacar həftəsonu ərzində ehtiyatlı yanaşma sərgilədiyini və riskləri tədricən artırdığını bildirib. Gənc pilot ilk seanslarda divarlardan uzaq qalmağa xüsusi diqqət yetirdiyini vurğulayıb.

İki aylıq fasilədən sonra ilk yarışına çıxan Ayzek Hacar yanaşmasını belə izah edib: “Göstərdiyim performansdan razıyam. Özümdən də məmnunam. Üç yarışı buraxmasaydım, start cərgəsində ikinci yerdə olardım. Çünki ön qrupda fərqlər çox azdır. İki aylıq fasilədən sonra qayıtmaq üçün bura bir qədər çətin trasdır.

Geri dönüşümdə divarlara toxunmamaq və səhvə yol verməmək mənim üçün çox vacib idi. Açıq danışsaq, dar hissələrdə həftəsonu ərzində limitlərdən bir qədər aşağıda sürdüm.

Q2-nin sonunda sürmək daha zövqlü idi və risk etməyə başladığım hissə də məhz orası oldu. Hətta bu həftəsonu ilk dəfə bloklanma yaşadım və qaçış zonasına çıxdım. Ağıllı yanaşma da məhz belə idi”.

Hacar Macarıstanda sükanı arxasında olduğu avtomobillə müqayisədə Red Bull-un döngələrdə balans baxımından ciddi irəliləyiş əldə etdiyini bildirib. Bununla yanaşı, Mercedes-in düzlükdəki yüksək sürətinə diqqət çəkib.

Yarışda Ferrari və McLaren ilə mübarizə aparacaqlarını düşünən Hacar startın da həlledici olacağını deyib: “Avtomobilin, xüsusilə döngələrdəki hissiyatı Macarıstanda ayrıldığım dövrlə müqayisədə daha yaxşıdır. Balans baxımından irəliləyiş əldə olunub. Dünən ilk dövrəmdə avtomobildə bəzi şeylərin inkişaf etdiyini hiss etdim. Mercedes isə düzlükdə çox sürətlidir. Döngələrdə də zəif deyillər, hələ də ən sürətli avtomobil onlardır. Xüsusilə üçüncü sektordakı düzlük hissələrində çox çətinlik çəkirik. Yarış tempimizin sıralanma tempimizə yaxın olacağını və Ferrari ilə McLaren-in olduğu qrupda yer alacağımızı düşünürəm. Son bir neçə yarışdakı orta start performansımızdan sonra sabah daha yaxşı start götürməliyik. İlk döngədə mövqe itirməyi gözə ala bilmərik”.

Rauf Hacıyev

Şərh əlavə et